“Grand Market”də kolbasa əməliyyatı – Kassalarda qiymətlər necə bahalaşır? - FOTO

Hazırda oxunan: “Grand Market”də kolbasa əməliyyatı – Kassalarda qiymətlər necə bahalaşır? - FOTO

21500

Rəfdəki qiymət bizi cəlb edir, məhsulu götürürük, ödəmə edən zaman isə vəziyyət dəyişir. Aldığımız məhsullasrın çeşidi azdırsa və təsadüfən çeklərə nəzər salırıqsa, fərqli mənzərə - daha yüksək qiymətlərlə rastlaşırıq.

Bu kimi hallar demək olar ki, müxtəlif vaxtlarda hər kəsin başına gəlir. Dəfələrlə mətbuatda yazılır, sosial mediada işıqlandırılır, amma istehlakçı hüquqlarının bu cür kobud şəkildə pozulması halları davam edir.

Növbəti narazılıq “Grand Market”- lə bağlı baş verib. Bu dəfə istehlakçının rəfdən 5.97 AZN-ə götürdüyü Servelat kolbasanın qiyməti kassaya çatanadək 6,64 AZN-ə qədər “bahalaşıb”. İstehlakçı isə dəfələrlə bu kimi hallarla qarşılaşdığını bildirir.
 

MÖVZU İLƏ BAĞLI:

Bizi qəpiklərlə necə tora salırlar? – Marketlərin hiyləgər siyasəti


Bu hallara təkcə “Grand Market”- də rast gəlinmədiyi də bəllidir. Demək olar ki, əksər market şəbəkələri bu üsuldan istifadə edilir. Narazılıqlarla bağlı vaxtaşırı mətbuatda “Neptun”, “Rahat”, “Bolmart” marketlər şəbəkəsinin, “Fresko”, “Mono” və s. marketlərin adları çəkilib.

Qanun pozuntuları təkcə istehlakçılar tərəfindən deyil, əlaqədar dövlət qurumları tərəfindən də aşkarlanıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də müəyyən vaxtlarda bu hallara qarşı müvafiq tədbirlərin görüldüyü açıqlanıb.

Lakin görünür ki, ya həmin tədbirlər yetərli olmayıb ki, “Grand Market”-in istehlakçıları aldatması demək olar ki, kütləvi hal almağa başlayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə sözügedən marketdə daha böyük maliyyə itkisi ilə üzləşib. O, Bizm.Media-ya açıqlamasında bildirib ki, yaxın günlərdə 8 manatlıq məhsul üçün 68 manat ödəniş etməli olub: 

“Nizami küçəsi 129 ünvanında yerləşən “Grand Market”də 8 manatlıq məhsul üçün kartdan 68 manat çıxılıb. İstehlakçılara tövsiyyə edirəm ki, kartla ödəniş edərkən, mütləq telefon nömrələrinə gələn SMS-lərə baxsınlar, kassa çekini saxlasınlar”. 

Eyyub Hüseynov bu cür hallarla bağlı Birliyə həftədə 2-3 şikayətin daxil olduğunu deyir: 
 

“Etiraz bildiriləndə də deyirlər ki, qiyməti dəyişmək “yadımızdan çıxıb”. Hələ bir dəfə də rəfdəki qiymətin “yaddan çıxması” və daha aşağı qiymətin hesablanması hallarına rast gəlinməyib. Bu da bu cür halların bilərəkdən edildiyini göstərir”.


Ekspert bir məqamı da vurğulayıb ki, istehlakçıların kassada vurulan deyil, rəfdə qoyulan qiyməti ödəmək hüququ var: 

“Bundan başqa 195.2 telefon nömrəsi ilə İqtisadiyyat Nazirliyinə, həmçinin yazılı ərizə ilə bizə müraciət etmələrini tövsiyyə edirəm”.

Eyyub Hüseynov əlavə edib ki, marketlərdə məhsulların qəbul edilməsi üçün istehsalçılardan küllü miqdarda vəsait alınır. Həmin pullar isə dövriyyədən gizlədilir. Həmçinin Birlik sədri marketlərin 80 faiz əcnəbi, 20 faiz yerli məhsullara yer verdiyi və bundan təəssüfləndiyini dedi.

Xatirə Nəsirli, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin