Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Memarlıq Günü ilə bağlı memarları təbrik edib.
Bizim.Media xəbər verir ki, Komitə sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Təbrikdə bildirilib:
“Əziz və dəyərli memarlar!
Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada memarlar öz peşə bayramlarını qeyd edərək, qədim və zəngin ənənələri olan, şəhərsalmada xüsusi önəm daşıyan bu incə sənətə diqqət çəkir, onu gələcək nəsillər üçün yaşatmağın vacibliyini vurğulayırlar.
Cəmiyyətin həyatında memarlığın mühüm rolunu xatırladan Ümumdünya Memarlıq Günü Azərbaycan memarları üçün də fərəhlə qeyd etdikləri əlamətdar bir tarixdir.
Bu gün memarlığın təkcə şəhər məkanlarının layihələndirilməsi deyil, insanların rifahına təsir edən, mədəni irsi və gələcəyi formalaşdıran mühitlər yaratmaq baxımından əhəmiyyətli bir sənət olduğunu xatırladır.
Azərbaycan qədim zamanlardan təbiət, milli ənənələr və müasirliyin harmoniyasını təcəssüm etdirən memarlıq şedevrləri ilə məşhurdur.
Nadir tarixi abidələrdən tutmuş müasir göydələnlərə qədər memarlıq irsimiz gələcək nəsillər üçün əsl ilham mənbəyidir. Bununla belə, memarlıq təkcə keçmişə ehtiram deyil, həm də innovativ yanaşmalar tələb edən bir sahədir. Sürətli urbanizasiya, iqlim dəyişikliyi problemləri və davamlı inkişaf zərurəti memarları yeni problemlərlə üzləşdirir. Odur ki, biz təkcə rahat və estetik cəhətdən cəlbedici binalar deyil, həm də ekoloji baxımdan davamlı, enerjiyə qənaətcil və təhlükəsiz şəhər məkanları inşa etməliyik.
Bu gün tikintidə qabaqcıl texnologiyaların tətbiqi, ətraf mühitə mənfi təsirlərin azaldılması və vətəndaşlarımızın rahat yaşaması üçün əlverişli şəraitin yaradılması qarşımızda duran ən əsas vəzifədir.
Qəti əminliklə demək olar ki, keçmişdə olduğu kimi, çağdaş dövrümüzdə də memarlarımız fəaliyyətlərində bu amillərə çox həssas və xüsusi peşəkarlıqla yanaşır, yaratdıqları müasir nümunələrdə milli memarlıq ənənələrini məharətlə yaşadırlar.
Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bütün regionlarda həyata keçirilən planlı və sistemli şəhərsalma proseslərində memarlarımızın ortaya qoyduğu nəticələr deməyə əsas verir ki, Azərbaycan memarlıq sənətinin gələcəyi etibarlı əllərdədir və onlar Vətənimizin çiçəklənməsi naminə daha böyük töhfələr bəxş etmək əzmindədirlər.
Bu əlamətdar gündə bütün memarlarımıza öz peşələrinə sadiq olduqlarına və ölkəmizin tərəqqisi naminə gərgin səylərinə görə dərin təşəkkürümü bildirir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi adından ən xoş və səmimi arzularımı çatdırıram.
Bayramınız mübarək!
Hörmətlə, Anar Quliyev”.
Bizim.Media