“Oktyabr ayı bizə düşmür” – Şəhid Sadiq Məmmədovun HƏYAT HEKAYƏSİ - FOTO

Hazırda oxunan: “Oktyabr ayı bizə düşmür” – Şəhid Sadiq Məmmədovun HƏYAT HEKAYƏSİ - FOTO

214679

“Balaca qızımız Bahar  atasına çox oxşayır. Öz aramızda ona Sadiqsifət, Sadiqin kopyası deyirdik. Sadiq şəhid olandan sonra biz tədbirlərə gedəndə də görənlər ona Sadiqə çox oxşadırdı. Adı ata nənəsinin adı idi-Bahar...Amma Safiqsifət adını Bahara o qədər demişdik ki, özü də bu ada çox öyrəşmişdi, adını soruşanda Sadiqsifət deyirdi. Bir gün ağlaya-ağlaya gəldi ki, mənə atamın adını qoyun. Biz də məsləhət etdik. Bahar adını dəyişdirib ona Sadiqə adını verdik.. Bu işdə bizə rəsmi olaraq Siyəzən icra hakimiyyəti və müvafiq rayon təşkilatları kömək elədi".

Oktyabr ayı bizə düşmədi...

Bu açıqlamanı Bizim.Media-ya Vətən Müharibəsinin Siyəzəndən olan şəhidi Sadiq Məmmədovun həyat yoldaşı Mapəri Məmmədova verib. Onun sözlərinə görə 29 yaşında şəhid olan Sadiq Məmmədovla  təsirli sevgi hekayəsi yaşayıb, şad və bəd günləri oktyabr ayına təsadüf edib:


"Bizə oktyabr ayı düşmədi, 6 oktyabr 2008-ci ildən başlayan sevgi münasibətimiz  2013-cü ilin 19 oktyabrında ailə həyatı qurmağımızla nəticələndi. Cəmi 7 il birgə yaşadıq, bu evlilikdən olan iki qızımız- Əsnad və Sadiqə də oktyabr ayında doğulublar. Sadiq də oktyabr ayında şəhid oldu..."

O gedən getdi...

Mapəri xanım danışır ki, Sadiq 2020-ci ilin iyun ayında Milli Ordu sıralarına yazılmışdı. Hərbi xidmətini 2011-ci ildə başa vurandan sonra müxtəlif yerlərdə işləmişdi, ancaq hərbidə qulluq etmək istəyi onu rahat buraxmırdı. Vətən Müharibəsindən bir neçə ay öncə-iyunun 18-də Gəncədəki hərbi hissələrdən birində maxe kimi işə başlamışdı. Həmin gün gəlib Siyəzəndə bizimlə görüşdü, gedəndə təkrar gəlib sağollaşdı, elə bil hiss eləmişdi ki, bir daha geri dönməyəcək və o gedən getdi:


"Vətən Müharibəsi başlayanda zəng elədi ki, narahat olmayın, hər şey yaxşıdır. Hər gün mesaj yazırdı, zəngləşirdik".

Şəhid xanımının sözlərinə görə olduqca ailəcanlı olan Sadiq adı kimi Vətəninə də sadiq idi. 2020-ci il sentyabr ayının 30-da Sadiq zəng edəndə çox duyğusal danışdı, bir növ elə bil vəsiyyətini elədi:

"Bir düşün, Pərim, mən şəhid olmuşam, o zirvəyə qalxmaq hər oğula qismət olmur, kaş mənə də qismət olardı. Tək problem sizdən ayrı qalmağımdır, gözümün önünə qızlarımızın böyüməməsi, səninlə qurduğumuz xəyallarımızın yarımçıq qalması gəlir. Pərim, şəhid olsam, onları biz istəyən kimi böyüt, körpəm...(mənə çox vaxt belə müraciət edirdi)

Həmin söhbətdən iki gün sonra -2020-ci il oktyabr ayının 2-də Sadiq Məmmədov yaralı döyüş yoldaşını çıxararkən Murovdağda qəhrəmancasına şəhid olub, ailəsinə qovuşmaqdan da üstün tutduğu şəhidlik zirvəsinə ucalıb.


Sadiqin şəhid olmasından sonra Müdafiə Nazirliyi xətti ilə ailəsinə  Sumqayıt şəhərinin stansiya Sumqayıt adlanan yaşaış massivində mənzil verilib. İki qızı ilə hazırda həmin evdə yaşayan  Mapəri Məmmədova Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində satınalma mütəxəssisi vəzifəsində çalışır. Qızları Əsnad və Sadiqə isə İdrak liseyində təhsil alırlar.

“Ürəyimə daman düz çıxdı...”

Anası Bahar Məmmədova oğlu ilə sentyabr ayının 30-da görüntülü danışdıqlarını söylədi. .Deyir ki, "narahat idim, ürəyimə nəsə dammışdı. Dözmədim, oktyabrın 2-si səhər 9-da zəng vurdum, telefonu açdı, amma çox səs-küy vardı, o məni eşitmirdi. Dedi ki, ana, mən səni sonra yığaram. Amma ylğmadı...Bu, son danışığımız oldu. Balam həmin gün gündüz saat 12-də güllə yarasından şəhid oldu. Ürəyimə daman düz çıxdı".

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, maxe Sadiq Məmmədov Murovdağda döyüşlərdə düşmənin 4  mövqeyini, rabitə maşınını, rabitə qülləsini dağıdıb, xeyli əsgərimizi xilas edib, düşməninsə çoxlu hərbçisini məhv edib. Top komandiri Sadiq Məmmədov 2020-ci il oktyabr ayının 4-də doğulduğu Siyəzən şəhər qəbristanlığında dəfn olunub.

Sadiq Məmmmədov ölümündən sonra Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Hərbi xidmətlərinə görə", "Kəlbəcərin azad olunmasına görə" döyüş medalları ilə təltif edilib.

Ruhu şad olsun!










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin