İki nəfərin öldüyü partlayışla bağlı DETALLAR – Məcburi köçkünlərin məskunlaşdığı ev başqasına satılıb?

Hazırda oxunan: İki nəfərin öldüyü partlayışla bağlı DETALLAR – Məcburi köçkünlərin məskunlaşdığı ev başqasına satılıb?

214042

Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada iki nəfərin ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən Rima Ağalarovanın cinayət işi üzrə məhkəməsi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sabunçu rayon bələdiyyəsinin sədri Əlfəddin Həsənov ifadə verib.

O, qeyd edib ki, partlayan bina Sabunçu qəsəbəsində yerləşir və bələdiyyənin balansında olmayan binadır:

"İcra hakimiyyətinə aidiyyəti var. Ancaq partlayış olandan bir gün sonra orada olmuşam, bilmişəm ki, Rima xanımın evində qaz sızmasından partlayış olub. Ərazi olaraq bələdiyyə sədri kimi mütləq orada olmalıyam. Çünki partlayış yerinə ölüm olduğu üçün rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev də gəldi. Qeydiyyatla bağlı müraciət olub, ancaq sənədləşdirmə aparmadım. Bilirəm ki, 2 nəfər ölüb".

Daha sonra bələdiyyə sədrinin ibtidai istintaqda verdiyi ifadəsi elan olundu: 

"Bildirmək istəyirəm ki, məcburi köçkünlər yaşayan həmin binada bəzi evlər başqa şəxslərə satılıb. Həmin şəxslər vergi qeydiyyatına düşmək üçün bələdiyyəyə müraciət ediblər, bizdə vergi qeydiyyatına almışıq". 

Bələdiyyə sədri ilkin ifadəsinə aydınlıq gətirib: "Vətəndaş könüllü olaraq vergi qeydiyyatına dura bilər. Burada verdiyim ifadə düzdür".

Rima Ağalarova da vergi qeydiyyatı ilə bağlı bələdiyyə sədrinə müraciət etdiyini qeyd etdi.

Bələdiyyə sədri isə Rima xanıma verdiyi qeydiyyatla bağlı müraciətdən imtina etdiyini söyləyib:

"Mənə hadisədən sonra müraciət edib, biz hadisə yerinə baxış keçirdik, orada 2-3 evə ciddi zərər dəymişdi. Orda rayon icra hakimiyyəti komissiya yaratdı. Rima xanıma evi satan Nərminə Nəcəfovanın bizdə hər hansı qeydiyyatı olmayıb". 

Digər şahid Ağababa Qasımov Sabunçu rayonu, Bakıxanov qaz idarəsinin istismar üzrə mexaniki olduğunu bildirib: 

"Hadisə barədə ilk dəfə bir gün sonra xəbərim olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələcəyi üçün, məhəlləyə gedən qazı bağlamışam. Həmin binalara baxış keçirilib, əhaliyə verilən sayğaca qədər. Hadisə sayğacın mənzilə daxil olan ərazisində baş verib. Rima xanımı da ilk dəfədir görürəm".

Digər şahid təqsirləndirilən şəxsin qızı Ayan Cəfərzadə ifadə verib:

"Həmin mənzili anam mənim üçün almışdı. Qərar gəldik ki, həmin mənzili 3 aylıq kirayəyə verək. Sosial şəbəkələrdən Elnur adlı şəxs gəlib evə baxdı, xoşuna gəldi, 2 otaqlı mənzili 150 manata danışmışdıq. Dedi yoldaşım rayondadır. Sonra biz açarı Gülnarə xanıma vermişdik, o da açarı qoymuşdu evin çölündə sayğacın üzərinə. Gecə Elnur icazəsiz gəlib həmin açarı götürüb gecə evdə qalıb, mənə zəng etdi, ancaq mən gedə bilmədim.

Hadisə də həmin vaxt baş verib. Biz evi alandan sonra evdə qazla bağlı hər hansı əlavə etməmişdik. Nərminə xanım isə gəlib sayğacın üzərindən açarı götürüb peçi evdən çıxarmışdı. Biz evi alandan sonra qaz idarəsindən bir nəfər baxış keçirmişdi, ancaq rəsmi müraciət etməmişdik. Evdə xırda təmir işləri gedirdi. Biz evi fevral ayında alqı-satqı eləmişdik, ancaq tam təhvil almamışdıq. Hadisə barədə mənə Gülnarə xanım məlumat verdi".

Məhkəmənin növbəti iclası oktyabrın 22-nə kimi təxirə salınıb.

Xatırladaq ki, hadisə ötən il may ayının 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış zamanı 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva dünyasını dəyişib, 19 nəfər isə xəsarət alıb.

Səhlənkarlığa yol verən mənzil sahibinə qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Xanım müttəhim haqda ilkin istintaq dövrü müddətində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin