2018-ci il xalqımız üçün olduqca əlamətdar yubileylər ilidir. Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu il Şərqdə ilk cümhuriyyətin – Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illik və Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri qeyd olunur. Bu əlamətdar tarixi hadisələr ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bir araya təsadüf edir. Ölkənin ictimai-siyasi və mədəni həyatında önəmli olan bu tədbirlər universitetlərimizin tədris, təlim-tərbiyə, elmi-tədqiqat və beynəlxalq əlaqələri istiqamətində fəaliyyətində ciddi canlanmaya səbəb olmaqla, professor-müəllim və tələbə heyətinin konkret layihələrə cəlb edilməsi üçün geniş perspektivlər açıb. Göstərilən əlamətdar hadisələrin hər biri ilə bağlı Bakı Slavyan Universitetində konkret tədbirlər planları hazırlanmış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq tövsiyələri də nəzərə alınmaqla onlar Elmi Şurada müzakirə və təsdiq olunmuş, universitetin müvafiq strukturlarında, eləcə də xaricdə fəaliyyət göstərən Azərbaycanşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzlərində hazırlıq işlərinə start verilmişdir.
Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illik və Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə universitetdə fəaliyyət göstərən bütün tədris-mədəniyyət mərkəzlərinin illik iş planlarına əlavələr edilmiş, BSU-nun xarici universitetlərdə təşkil olunmuş 7 Azərbaycanşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzləri üçün konkret fəaliyyət planı hazırlanmışdır. Fəaliyyət planında Azərbaycan Demokratik Cümhuriyyətinin tarixini, azərbaycançılıq ideyalarını və xalqımızın dövlətçilik ənənələrini, müstəqillik ideallarını, milli-mədəni dəyərlərimizi, Ulu öndərin Azərbaycançılıq məfkurəsini xarici auditoriyalarda tanıdan və təbliğ edən tədbirlərə, telekörpülərə, dəyirmi masalara, intellektual yarışlara və mühazirələrə yer verilir. BSU-nun bütün tədris-mədəniyyət mərkəzlərində müvafiq ölkələrin səfirlikləri ilə müştərək tədbirlər, ədəbi-bədii kompozisiyalar, prezentasiyalar, rəsm və fotosərgilərin təşkili planlaşdırılıb.
Tədbirlər planında BSU-nun xaricdəki mərkəzlərinin göstərilən yubileylərlə bağlı elmi, elmi-kütləvi, tədris-metodiki ədəbiyyatlarla və Azərbaycanın tanıdıl-masına yönələn məlumat kitabçaları ilə təmin olunması, mərkəzlərin milli geyimlər və rəmzlərlə, onların nəzdindəki kitabxana fondunun yeni ədəbiyyatlarla təhciz olunması, Universitetin aparıcı alimlərinin xaricdəki mərkəzlərimizdə mühazirələri və görüşləri nəzərdə tutulub.
2016-cı ildə özünün 70 illik yubileyini təntənə ilə qeyd edən Bakı Slavyan Universiteti ötən təqvim ilində həmtəsisçisi və naşiri olduğu “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının da 70 illiyini bayram etdi. Yubiley tədbirlərində ölkəmizin təhsil və elmi ictimaiyyətinin, mətbuatın nümayəndələri ilə yanaşı, universitetin əməkdaşlıq etdiyi xarici universitetlərin təmsilçiləri, o cümlədən, Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova iştirak etdi. Universitetin 70 illik yubiley ərəfəsində birinci tədris korpusunun əsaslı şəkildə təmiri və yenidən qurulması, ən yeni tədris avadanlıqları və texnologiyaları ilə təhciz edilməsi, 50 nəfərədək universitet əməkdaşının müxtəlif dövlət təltiflərinə - “Əməkdar elm xadimi”, “Əməkdar müəllim”, “Əməkdar jurnalist” Fəxri adlarına, “Tərəqqi” medalına, “Qabaqcıl təhsil işçisi” döş nişanına, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülməsi, son iki il ərzində tələbə qəbulu planının yüksək səviyyədə yerinə yetirilməsi və buna uyğun olaraq professor-müəllim heyətinin əməkhaqlarının artırılması və s. tədbirlər universitet həyatında ciddi canlanma yaratdı.
Ötən təqvim və tədris ili BSU-nun elmi-tədqiqat və beynəlxalq əlaqə-lərində daha yaddaqalan oldu. Azərbaycanın müxtəlif ölkələrlə, eləcə də slavyan ölkələri ilə diplomatik əlaqələrinin yaranmasının 25 illiyi kimi mühüm beynəlxalq tədbirlər məhz BSU-da qeyd edildi. Ukrayna Respublikasının və
Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliklərinin universitetimizdə təşkil olunan və həmin ölkələrə aid BSU tədris-mədəniyyət mərkəzlərinin yaxından iştirakı ilə keçirilən tədbirlərində slavyan ölkələrini təmsil edən səfirlərlə yanaşı, 30-dan artıq digər ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı regionunun ən böyük və nüfuzlu rusistika və slavistika mərkəzi kimi tanınan ali təhsil ocağına marağın göstəricisidir. Təsadüfi deyil ki, BSU nümayəndələri ötən il ölkəmizdə keçirilən Beynəlxalq humanitar forumlarda fəal təmsil olunmuş, yüksək səviyyəli qonaqları qəbul etmiş, tələbələrə Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotovanın, rusiyalı siyasətçilər Aleksandr Duqin və Gennadi Burbulisin, amerikalı jurnalist Peter Tasenin və başqalarının mühazirə və ustad dərslərini dinləmək imkanı yaradılmışdır. ADA Universitetinin xətti ilə xaricdən dəvət olunmuş beynəlxalq əlaqələr üzrə tanınmış mütəxəssislərin BSU tələbələri üçün mühazirələri artıq ənənə şəklini almışdır. Bu günlərdə milli bayramımız Novruz ərəfəsində Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Avropa Birliyinə sədrliyi ilə bağlı təqdimatın BSU-da keçirilməsinin planlaşdırılması da universitetimizin slavyan ölkələrinin, onların dil və mədəniy-yətlərinin öyrənilməsi və təbliği işində davamlı fəaliyyətinin təzahürüdür.
BSU əməkdaşları Rusiyanın 27 universiteti ilə bağlanılmış ikitərəfli müqavilələrə əsasən Moskva, Sankt-Peterburq, Ufa, Kazan, Stavropol və s. şəhərlərdə, eləcə də MDB paytaxtlarında (Bişkek, Astana, Düşənbə, Kişinyov) keçirilən onlarla beynəlxalq tədbirlərin iştirakçısı olmuş, Rusiya-Azərbaycan universitetləri assosiyasiyasının tədbirlərində və Rusiya-Azərbaycan region-lararası forumlarda iştirak etmişlər. 2017-ci ilin aprelinə təsadüf edən və Kişinyovda keçirilən Slavyan universitetlərinin II Forumunda tədris işləri üzrə prorektor prof. T.H.Cəfərovun rəhbərliyi ilə professor-müəllim və tələbə heyətini təmsil edən nümayəndələrin fəallığına görə BSU YUNESKO-nun xüsusi diplomuna layiq görülmüşdür.

































































































