Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Qasımov Elmar Vaqif oğlunun məhkəməsinin növbəti prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Nizami rayon Dövlət Sığorta Agentliyinin keçmiş rəhbərinin cinayət işi üzrə şahid qismində Mədinə Murquzova ifadə verib:
"Mən əvvəl Nizami rayon Dövlət Sığorta Agentliyində mütəxəssis kimi işləmişəm. Hazırda Paşa Sığortada işləyirəm. İşim icbari sığortaları sistemə salmaq olub. Müştərilərə kod verirdik, onlar gedib ödəniş edirdilər. İşin maliyyə hissəsindən məlumatım olmayıb. Ən çox Kəmalə Haqverdiyeva adlı sığorta agenti müqavilə bağlayırdı, ən çox maaş alanda o idi. Onu Elmar Qasımovun qohumu kimi tanıyırdıq. Gülayə və Kəmalə adlı şəxslər rəsmi agentlər idi.
Maaşa gəldikdə isə bizim aylarla maaşımız gecikib. Səbəb kimi göstəriblər ki, baş ofis maaşları köçürmür. Anar Quliyev adlı iş yoldaşımızın Əmək Müfəttişliyinə şikayətindən sonra işçilərin maaşları köçürülüb. Mənim Elman Qasımovun ofisin icarə xərci adı ilə pul köçürməsindən xəbərim olmayıb. Ketrinq xidmətlərinə qaldıqda isə, mən o xidmətdən yararlanmamışam. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm".
Digər şahid Bəhlul Ramazanov isə ifadəsində bildirib ki, o Elmarı şəxsən tanımayıb:
"Mən Sumqayıtda obyektimi həmin sığorta şirkətinə icarəyə vermişdim. Sığortanın nümayədəsi Nizami adlı şəxs ondan ofis kimi istifadə edirdi. Aylıq 1000 manat arendaya pul ödəyirdi. Bütün bu proseslərə oğlum baxırdı. Bildiyim qədərilə, ofis üçün nəzərdə tutulan bütün avadınlıqları icarəyə verdiyim məkana gətirlibmiş".
Məhkəmədə bildirilib ki, onun istintaqdakı ifadəsi ilə hazırda danışdıqları arasında ziddiyət mövcud olub. Bu səbəbə görə şahidin ifadəsi səsləndirilib.
İfadəyə görə, imzalanan müqavələyə əsasən, şahid obyektini 3000 manata icarəyə verib. Lakin şahid bundan xəbəri olmadığını, ona 1000 manat pul ödənildiyini bildirib. Onun həyat yoldaşının adına açılmış hesabda 3 ay ərzində ödənilən 9 min manat məbləğdən xəbəri olmayıb. Ümumiyyətlə pulu çətinliklə aldığını bildirib.
Hakimin ifadəsinin elanından sonra digər hakim Novruz Kərimov Bəhlul Ramazanova kəskin suallar ünvanlayıb. Onun halı pisləşib və məhkəmə zalında huşu gedib.
Öncəki ifadədə adı çəkilən Ələmov Nizami də şahid qismində ifadə verib. O, bildirib ki, Elmar ilə rəsmi müqavilə əsasında birliktə işləyib. Öncəki ifadədə adı çəkilən obyekti icarəyə o götürüb:
"Mən şirkətin nümayəndəsi olaraq Sumqayıtdakı obyekti icarəyə götürdüm. Həmin məkana görə bağlanmış icarə müqaviləsində aylıq min manat ödənilməsi nəzərdə tutulmuşdu. Mən 3 min ödəniş edib 3 ayın pulunu vermişəm. Sözü keçən 9 min manat Elmarın mənə komissiya borcudur. Ona görə də icarəyə ödəniş edəcəyim karta 9 min manat pul köçürüb. 6 min manat pulu özümə götürmüşəm. 3 min isə icarəyə vermişəm. İcarə sahibinin bundan xəbəri olmayıb".
Digər şahid Xəyal Quliyev həmin agentlikdə işçi olduğunu təsdiqləyib və ifadəsində bildirib ki, maaşını çətinliklə alıblar:
"Nizami filialında direktor müavini vəzifəsində işləmişəm. Elmarı tanıyırdım. İcbari sığorta fəaliyyəti ilə məşğul olurdum. Əsasən, avtomobilləri sığorta edirdik. İşə alınan dəftərxana ləvazimatlarını isə özüm alırdım".
Şahidin ifadəsi qısa olduğu üçün, onun istintaqa verdiyi məlumat da səsləndirilib. İstintaqda o, bildirib ki, maaşını vaxtında ala bilməyib. Şahid bunu təsdiq edərək şirkətdən şikayət etdiyini bildirib:
"Mənim və əsasən xanımlardan ibarət olan agentlərin işi müvafiq iş nömrəsini müştəriyə kodu ilə birliktə təqdim edib və onların ödənişini qəbul etmək olurdu. Bunun qarşılığında maaş alırdıq. Elmar Qasımov isə mənə qarşı çox haqsızlıq edirdi, aylarla maaşımı vermirdi. Ancaq baş mühasiblə işləyirdi. 800 sığorta müqaviləsinə görə 167 min manat pul köçürülmüşdü. Kəmalə Haqverdiyeva isə Elmar Qasımovun həyat yoldaşı olub. Bu səbəbdən şirkətdən şikayətçi olmuşam".
Hakim Rasim Sadıxov sığorta şirkətinin əməkdaşları olan Quliyev Anar Şakir oğlu və digər 3 nəfərin məcburi gətirilməsi barədə qərar qəbul etdi.
Növbəti proses 22 oktyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Elmar Qasımov külli miqdarda mənimsəmədə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib.
İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.
Selcan Zaurqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:46 / 01.10.2024
Sığorta şirkətinin direktorunun MƏHKƏMƏSİ – “Maaşlarımızı həyat yoldaşının adına yazırdı”
Hazırda oxunan: Sığorta şirkətinin direktorunun MƏHKƏMƏSİ – “Maaşlarımızı həyat yoldaşının adına yazırdı”
Hazırda oxunan: Sığorta şirkətinin direktorunun MƏHKƏMƏSİ – “Maaşlarımızı həyat yoldaşının adına yazırdı”
213976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.