BİZİM TƏQVİM: 1 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 1 oktyabrda baş vermiş tarixi hadisələr

213866

1918-ci ilin bu günündə  Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Bəs, oktyabrın 1-də dünyada daha hansı hadisələr baş verib?

1. 1827-ci ilin oktyabr ayının 1-də Rusiya qoşunları İranla müharibənin (1826-1828) gedişində İrəvan qalasını ələ keçirib. Qalanın ələ keçirilməsində erməni əhalisi və Eçmiədzin kilsəsi ruslara hər cür yardım göstərib. İrəvanın ələ keçirilməsinə görə Rusiya çarı general Paskeviçə "Qraf Erivanski" titulu verib.

2. 1880-ci ilin 1 oktyabrında Tomas Edison tərəfindən ilk elektrikli lampa fabriki açılıb.

3. 1918-ci il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlayıb.

4. 1998-ci il iyulun 17-də ölkənin o zamankı prezidenti Heydər Əliyev hər il 1 oktyabrın Azərbaycan Prokurorluğu İşçilərinin Peşə Bayramı olaraq qeyd edilməsi barədə sərəncam imzalayıb. 

5. 1938-ci ildə imzalanan Münhen anlaşmasına əsasən Almaniya qoşunları Çexoslavakiyanın bir hissəsi olan Sudeti döyüşsüz işğal etdi. 30-cu illərin sonunda alman faşitlərinin həyata keçirdiyi bu əməliyyat son nəticədə İkinci Dünya Müharibəsinə gətirib çıxardı. Bir ay sürən mühasirədən sonra - 1939-cu ilin 1 oktyabrında alman-faşist qüvvələri Varşavaya girdi.

6. 1946-cı ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalı öz işini başa çatdırdı: həbs olunan 24 nəfərlik alman-faşist rəhbərliyinin 22 nəfərinə hökm oxundu. Proses başlanana qədər Alman Əmək Cəbhəsinin sədri Pobert Ley özünə qəsd etdi. Qustav Krupp isə “müalicəolunmaz xəstə” adı ilə buraxıldı. Müttəhimlərdən 12 nəfər, o cümlədən German Gerinq, İoahim Rebbentrop və başqaları ölümə, Rudolf Hess isə ömürlük həbsə məhkum olundular.   

7. 1 oktyabr Çin xalqı milli bayramını – Çin Xalq Respublikası Gününü qeyd edir.1949-cu ildə Mao Tszedunun başçılıq etdiyi kommunist ordusu Qomindan qoşunlarını məğlub etdikdən sonra Asiyada daha birkommunist dövləti quruldu. Lakin Çan Kay Şinin Qomindan qoşunlarının qalıqları Tayvan adasında qərar tutdu. 

8. 1960-cı il 1 oktyabrda İngiltərədən ayrılaraq müstəqilliyini qazanan Kiprdə türklər və yunanların iştirakı ilə tərəfdaşlıq təməlinə əsaslanan yeni dövlət quruldu.

9. UNESCO-nun qərarı ilə 1975-ci ildən 1 oktyabr Beynəlxalq Musiqi Günü elan olunub. Bu günün təşəbüskarı məşhur rus bəstəkarı Dmitri Şostakoviç idi. 

10. 1977-ci ilin 1 oktyabrında dünyaşöhrətli Braziliya futbolçusu Pele futbolu buraxdı. Qeyd edək ki, Pele çıxdığı 1363 liqa matçında 1281 qol ataraq tarixə “Ən çox qol vuran futbolçu” olaraq düşüb.

11. 1992-ci ilin bu günündə BMT-nin Nyu-Yorkdakı iqamətgahında Azərbaycan Respublikasının nümayəndəliyi açılıb. Bunadək Azərbaycanın BMT-dəki nümayəndəliyi Türkiyənin təşkilatdakı nümayəndəliyində yerləşirdi.

12. 1 oktyabr bütün dünyada həm də Beynəlxalq Ahıllar Günüdür.  BMT-nin baş məclisi bu qətnaməni 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etmişdir. Qətnamənin prinsiplərinə əsasən, hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. BMT-nin hesablamalarına görə, hazırda dünya əhalisinin 10 nəfərindən biri 60 və daha yuxarı yaş qrupuna daxildir.

13. 1992-ci il oktyabrın 1-də Türkiyənin Bitlis rayonunun Cevizdalı kəndinə hücum edən PKK terrorçuları, aralarında uşaq və qadınların da olduğu, 37 adamı öldürdü, 20 nəfəri yaraladı.

14. 1995-ci ilin 1 oktyabrında Türkiyənin Afyon Dinar bölgəsində Rixter (Richter) cədvəlinə görə 6,1 bal gücündə zəlzələ baş verdi ki, 90 adam həyatını itirdi, 250 nəfər yaralandı, 14 mindən çox bina zərər gördü.

15. PKK terror təşkilatına dəstək verən Suriyanı dövrün Türkiyə Quru Qüvvələri komandiri Atilla Ateş, sonra isə baş nazir Mesut Yılmaz xəbərdarlıq etdi. 1998-ci il oktyabrın 1-də isə ölkə başçısı Süleyman Dəmirəl Türkiyə Böyük Millət Məclisinin növbəti mövsümünün açılışındakı çıxışında "Səbrimiz daşmaq üzrədir" deyərək PKK-nın başçısı Abdulla Öcalanın Suriyadan çıxarılma prosesinə başlanılması üçün tapşırıq verdi.

16. 1999-cu ilin 1 oktyabrından Rusiya ilə muxtar respublikası Çeçenistan arasında İkinci Çeçen Müharibəsi başladı.

1 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dağıstan və Çeçenistanın ikinci imamı sayılan Həmzət bəy 1834-cü ilin bu günü həyatdan köçüb. (1789-1834). 1828-ci ildə Rusiya imperiyasına qarşı üsyan qaldıran birinci imam Qazi Məhəmməd 1830-cu ildə həbs olunaraq Tiflisə sürgün edildikdən sonra dağlıların üsyanına Həmzət bəy başçılıq edib. Onun varisi isə Şeyx Şamil idi.

2. 1 oktyabr 1897-ci ildə görkəmli şairə Xurşidbanu Natəvan (1832, Şuşa –1897) vəfat edib. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Ağdamın “İmarət” qəbiristanlığında dəfn edilib.

3. 1 oktyabr 1932-ci ildə mədəniyyət xadimi Əkbər Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. “Qızmar günəş altında”, “Koroğlu” və s. filmlərdə çəkilib. 1963-cü ildə Qusarda Ləzgi Xalq teatrını təşkil edib.

4. 1 oktyabr 1949-cu ildə Əməkdar artist Almaz Mustafayeva (1949 – 26.12.2020) Ağdam şəhərində doğulub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub, filmlərdə çəkilib.

5. 1965-ci ilin bu günündə şair və qəzəlxan Əliağa Vahid (1894-1965) vəfat edib. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri bu gün də xanəndələrin repertuarında geniş yer tutur.

6. Azərbaycan Milli Qəhrəmanı Əlyar Əliyev 1957-ci il oktyabrın 1-də Qubadlıda anadan olub. Yeniyetmə yaşlarında Yunan-Roma güləşi üzrə usta idmançı olan, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü başlanan gündən Qubadlıda ilk batalyon yaradıb onun komandiri olan, erməni-rus qəsbkarları ilə döyüşlərdə misilsiz rəşadət göstərən Əlyar Əliyev Laçın uğrunda gedən vuruşmada həlak olub. (1957-1992)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin