Döymə dəbdir, yoxsa psixoloji xəstəlik?

Hazırda oxunan: Döymə dəbdir, yoxsa psixoloji xəstəlik?

213850

Son zamanlar gənclər arasında döyməyə (tatu) xüsusi maraq var. Bir zamanlar tatudan əsasən “qaranlıq dünya”nın insanları istifadə edirdi. Lakin bu gün şou əhli, eləcə də 20 yaşdan yuxarı gənclik döymədən geninə-boluna istifadə edirlər. Bəzi adamlar elə düşünür ki, tatu döydürməklə daha çox diqqət çəkə və gözəl görünə bilərlər.

Döymə arzusunun psixoloji tərəfləri
 

MÖVZU İLƏ BAĞLI:

"Təbii moda" nədir və niyə qəfil trendə çevrildi? - Gənclərin “cırıq” paltar geyinməsinin SİRRİ


Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, döymənin çox qədim tarixi var:

“Hətta qədim Misirdə fironları belə tatudan geniş istifadə edirdi. Müəyyən “run” işarələri var. İnsanlar “run”ları bədənlərinin müxtəlif yerlərinə çəkməklə uğur qazanacaqlarına inanırdılar. Amma bu gün tatu bir dəbdir. Son zamanlar bədən şəkilləndirməsi edən xanımlar həmin bölgələri gözəl olsun deyə müxtəlif naxışlar çəkdirirlər. 

Tatu indi həm gözəl görünmək, həm də dəridəki bəzi qüsurları örtmək üçün istifadə olunur.

Baxmayaraq ki, İslamda döymədən istifadə məsləhət görülmür. Bunun da müəyyən haqlı səbəbləri var. İndiki tatular kompleksi aradan qaldırmaqla yanaşı, həm də müəyyən inanclara söykənir. 

Məsələn, spiritualizmdə belə bir inanc var ki, bədənə çəkilən Veneranın simvolları onlara uğur gətirəcək. Bildiyimiz kimi, Venera eşq mələyidir. Onun simvolları guya insanlara sevgidə uğur gətirir. Bu simvolları daha çox insanların barmaqlarında görmək olur. Amma xanımlar bu simvolları daha çox çiyinlərinə çəkdirirlər. Bu simvollar əsasən kəpənək, quş və digər formada təzahür edir. Bununla belə tatu müxtəlif mənalara yozulur. Amma tatu bir dəb olsa da, onun ziyansız olduğunu demək çətindir”. 

Bəs tatunun hansı fəsadları ola bilər?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan dermatoloq Aydın Qasımov bildirib ki, döymə zamanı istifadə edilən rəngli boyalarda müəyyən problemlər müşahidə olunur:

“Döymə maqnit sahəsinə münasibətdə orqanizmin bioenerjisinin pozulması, müxtəlif nevroloji halların ortaya çıxması kimi hallar yarada bilir. Epidermis qatına döymə edilərsə, bu qat mütəmadi təzələndiyi üçün döymə də itib gedir. Ancaq dermaya hopdurulan boyalar uzun müddət, hətta ömür boyu qalır. 

Burada boyaların keyfiyyət məsələsi də var. Keyfiyyətli və orqanizm üçün nisbətən zərərsiz olan boyalar da var ki, bir çox sınaqlardan keçiblər. Bundan əlavə, 3-cü dünya ölkələrindən gələn keyfiyyətsiz boyalar da var. 

Rəngli boyalarda müəyyən problemlər müşahidə olunur. 

Tatu sonrası dəri natamam olduğuna görə infeksion xəstəliklərə yoluxmalar ola bilir. Bura Hepatit B, C və digər infeksiyalar aiddir. Əsasən də rəngli tatular bu tip xəstəliklərə səbəb ola bilər. Dəri xərçənginin yaranması zamanı isə döymə olunan nahiyələrdə bunu aşkarlamaq mümkün olmur”.

Dermatoloq bu məsələdə peşəkarlığın da yüksək olmasını vacib sayır:

“Tatunun digər problemi peşəkarlıq məsələdir. Bu işlə məşğul olanlar çoxdur. Digər tərəfdən də tatu edərkən bir qabda olan boyadan istifadə olunur, onun müəyyən qədəri başqa bir qaba boşaldılır və dəriyə yeridilir. Burada steril qaydaların nə dərəcədə gözlənilməsi tatunu edən şəxsin peşəkarlıq səviyyəsindən, təhsil və elmindən, bu məsələ ilə bağlı nə dərəcədə bilgili olmasından asılıdır. 

Təbabətdə aseptikanı bilmədən bu sahədə fəaliyyət göstərmək olmaz. Bunların pozulması müştərinin ağır xəstəliklərə yoluxmasına gətirib çıxara bilər.

Kosmetologiyada, stomatologiyada, cərrahiyyədə bu praktika çox ciddidir. Bu gün virusların geniş yayılmasına gətirib çıxaran yollar çoxdur və bunlar nəzərə alınmalıdır. İstər manikür-pedikür, istər tatu və digər kosmetoloji prosedurlar zamanı, təəssüflər olsun ki, bu virusların keçmə ehtimalı hələ də qalır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin