Operativ Qərargah insanları maskada nə qədər boğacaq? – Ekspertlər fəsadlardan danışdı

Hazırda oxunan: Operativ Qərargah insanları maskada nə qədər boğacaq? – Ekspertlər fəsadlardan danışdı

21375

Havanın teperaturu yüksəldikcə, tibbi maskalardan istifadə insan orqanizmində daha çox fəsadlar törətməyə başlayır. İndi açıq havada maska qadağasının yumşaldılması ilə bağlı ictimai tələb gündəmə gəlib.

Hesab olunur ki, açıq havada tək və ya öz ailəsi, yaxınları ilə birlikdə olan insanlardan maska taxmaq tələb olunmamalıdır. Hətta Bakı kəndlərinin tamamilə boş küçələrində insanların təmiz havanı ciyərlərinə çəkməsi qadağasının hansı zərurətdən doğduğu anlaşılan deyil.

Xatırladaq ki, Azərbaycanda ötən il noyabrın 21-dən etibarən Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, açıq havada maska taxmayanlar 100 manat cərimə edilir. Sonra bu məbləğ 200 manata qədər qaldırıldı.

Mütəxəssislər isə hesab edir ki, xüsusilə isti havalarda uzun müddət maskadan istifadə insan orqanizminə ziyandır.

Bu qanda oksigen çatışmazlığına səbəb olmaqla yanaşı, üz dərisində də problemlər yaradır. Son günlərdə ağızətrafı qıcıqlanmalar - dermatitlərin kəskinləşməsi, aknelərin və yağlılığın çoxlaması problemləri ilə həkim kosmetoloqlara müraciət edən pasiyentlərin sayının kəskin çoxalması müşahidə olunur. 

Bir sıra həkimlər hesab edirlər ki, açıq havada maska taxılmasının ziyanları xeyrindən daha çoxdur. Belə ki, bu zaman ağciyərlərdən xaric olunmalı olan karbon qazı yenidən daha böyuk həcmdə ağciyərlərə daxil olur, tənəffüs yollarında mikroblar sürətlə çoxalmağa başlayır, nəticədə ağciyərlərin iltihabı inkişaf edir. Bu, xüsusilə şəkərli duabet, ürək-damar xəstəlikləri, bronxial astma, hipertoniya, revmatizm, podaqra xəstəlikləri olan insanlar üçün ciddi fəsadlar törədə bilər.

Həkim-terapeft Rasif Bağırov da Bizm.Media-ya açıqlamasında bildirib ki, isti havalarda maska taxılması orqanizmin oksigenlə təmin olunmasına ciddi maneə törədir: 

“Təbii ki, maska havanın qarşısını alır və bu müəyyən nəticələr verir. Maska taxılması sağlam insanlarda ciddi fəsad verməsə də, orqanizmində müəyyən problemlər - mübadilə pozğunluqları, normadan artıq həssaslıq olan vətəndaşlarda bütün sahələrdə istənilən narahatlıq yarada bilər”.

Bununla belə həkim-terapeft maskanın qoruyucu funksiyasının onun fəsadlarından daha üstün olduğunu deyir. Amma o, hesab edir ki, açıq havada maska çıxarılmalıdır:

“Azərbaycanda tətbiq olunan qaydalarda buna yol verilməsə də, əgər insan açıq havada və insanların seyrək olduğu məkanlarda gəzirsə, maska taxmağın elə bir əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, həkim kosmetoloqlar qadınlara tövsiyyə edirlər ki, mövcud maska taxılmasının zəruriliyi şəraitində dəri problemlərinin qarşısını nisbətən almaq üçün makiyajdan, xüsusilə də tonal kremlərdən az istifadə edilsin.

Həmçinin günəş şüalarından qoruyucu kremlər də dərinin oksigenlə təmin olunmasının qarşısını bir qədər də alır. 

Xatırladaq ki, pandemik vəziyyətin səngiməsi və havaların istiləşməsi ilə bağlı artıq bir sıra ölkələrdə açıq havada maska qadağası götürülüb.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin