Daha bir şəhid problemi gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev “Facebook” hesabında bildirib.
işlinin sonuncu şəhidi Cavidan Məmmədlinin anası Çimnaz Məmmədlini qəbul etdiyini qeyd edən deputat onun timsalında şəhid ailələrinin bir sıra ağrılı problemlərini ictimailəşdirib:
“Çimnaz xanımın o biri oğlu Babək Məmmədli də müharibə iştirakçısıdır. Onlar əkiz olublar. Çimnaz xanım həyat yoldaşından ayrılıb və uşaqlarını tək böyüdüb. Dediyinə görə, uşaqların atası gecikdimə və bir sıra problemlər yaratmaqla aliment ödəyib. Ana deyir ki, qanunla şəhidə verilən 11 min manatın yarısı və aylıq verilən 500 manatın 250 manatı atasına düşdüyündən, israrla 11 min manatın və aylıq ödənişin yarısını keçmiş həyat yoldaşı alır. Bu problemlər xeyli şəhid ailələrində yaşanır. Ata-ana, gəlin-qaynana, gəlin-qayınata, gəlin-qardaşlar və xeyli burada sadalaya bilmədiyim problemlər...”
Deputat sözügedən məsələdə iki çözüm olduğunu hesab edir:
“Birinci yol, məsələnin mənəvi tərəfidir. Şəhidin anası, bacı və qardaşları varsa, boşanmış atanın da bu ödənişlərə göz dikməsi mənəvi cəhətdən qüsurludur. Gərək elin-obanın hörmətli adamları, seyidləri, ağsaqqal və ağbirçəkləri yığılıb o şəxsləri utandırsınlar ki, onlar iddialarından əl çəksinlər. Kişilərin pul qazanmaq imkanları daha genişdir, qadınların isə çox məhdud... Bu məsələdə qadınlara güzəşt edilməlidir. Elə məsələlər var ki, onlar danışıqla həll olunmur. Elə Çimnaz xanımın problemi kimi… Heç bir tərəf güzəştə getmək istəmir. Hüququn da geriyə yolu yoxdur deyə məhkəmələr də qərar çıxara bilmir. Amma, axı problemlər qalır və günü-gündən şişir. Mütləq presedent hüququ yaratmaq lazımdır ki, məhkəmələr qərar çıxara bilsin. Düşünürəm ki, məhkəmə-hüquq şurası ciddi müzakirə etməlidir”.
Qeyd edək ki, Azərbaycanda şəhid ailələri və müharibədə yaralanmış şəxslər üçün müəyyən imtiyazlar verilir. Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
Alçina Amilqızı, Bizim.Media