Model Razini döyməkdə ittiham olunan Ziyanın məhkəməsində YENİ DETALLAR – İclas təxirə SALINDI

Hazırda oxunan: Model Razini döyməkdə ittiham olunan Ziyanın məhkəməsində YENİ DETALLAR – İclas təxirə SALINDI

213469

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin külli miqdarda dələduzluqla əlaqədar cinayət işi üzrə məhkəməsini növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kənan Rəsulovun dindirilməsi davam etdirilib.

Zərərçəkmiş bildirib ki, onu müqaviləni imzalamağa Ziya Hüseynzadə dəvət edib:

"Mən müqavilənin əvvəlində Ziya Hüseynzadə ilə əlaqə yaradırdım. O mənə mesaj yazıb vəziyyəti soruşurdu. Daha sonra mən ona məlumat verməyə başladım. Çünki o demişdi ki, bankda nə baş versə, onu da xəbərdar edim.

Mən bankdan 2 milyon dollar götürüb, 190 minini Ziyaya verdim. İndi isə nə o pulun hara getdiyini bilmirəm, nə də sənədlərin gerçəkliyi əks etdirib-etdirmədiyindən əmin deyiləm".

Ziya Hüseynzadəni müdafiə edən vəkil ondan krediti götürmədən öncə öz "Muğan Bank" hesabından çıxardığı 737 min dollar pulla nə etdiyini soruşub. Bunun işlə əlaqəsi olmadığını dair məhkəməyə etiraz bildirilib. Bu zaman Ziya Hüseynzadə həmin pulla əlaqədar müvafiq sənədin məhkəmə işinin 6-ci cildi 235-238-ci səhifələrində mövcud olduğunu bildirib.

Müvafiq sənədin həmin cilddə 236-cı səhifədə olduğu təsdiqlənib və bununla bağlı zərərçəkmişə ünvanlanan sualın cavablandırılması istənilib. Kənan Rəsulov onun şəxsi işi olduğunu və kreditlə əlaqəsi olmadığını qeyd edib.

Daha sonra zərərçəkmişdən Ziya Hüseynzadənin təklifi-təkidi ilə "Avropa Yenidənqurma və İnkişaf Bank"ından götürüldüyü iddia olunan kreditin dəqiq məbləği və səbəbi soruşulub. Kənan Rəsulov bildirib ki, dəqiq məbləği xatırlamır:

"Təqribi 2 milyon 500 və ya 2 milyon 600 dollar olardı. Bu məsələ "parnik"lə əlaqədar idi. Həmin “parnik”i Ziya dostu Fəxri adlı şəxslə birgə qiymətləndirib. Əvvəlki qiymətləndirmədə daha az məbləğ demişdi. Daha sonra razılığa gəldik ki, həmin məbləği götürüm. Dedilər ki, qrantdan qazanılan məbləğ kreditdən çıxılacaq. Mən Ziyaya güvəndiyim üçün təqdim olunan müqavilələri tam oxumadan imzaladım. Heç dəqiq bilmirəm qiymətləndirmə sənədləri həqiqəti əks etdirirmi?! Bəlkə də saxtadır”.

Krediti aldıqdan sonra pulun yarısını Ziyaya verdim. Dedi ki, "filankəs"ə çatmalıdır. Onu da bilmirəm ki, özü mənimsədi, yoxsa başqasına verdi".

Təqsirləndirilən şəxsin vəkili iddia olunan mülki iddianı 2 milyondan çıxaraq qalan məbləğin Ziyayla əlaqəsi olub-olmadığını soruşub.

K.Rəsulov bildirib ki, qalan məbləğdən Ziya Hüseynzadənin xəbəri olmayıb.

Bu zaman məhkəminin hakimi çoxdandır soruşmaq istədiyi sualı yeri gəldiyi üçün səsləndirib.

Belə ki, sədrlik edən hakim zərərçəkmişin ali təhsilli olduğunu və daha öncə də yüksək məbləğlərdə pula sahib olduğunu bildirirərək sənədləri oxumadan imzalamasının səbəbini soruşub:

"Sizə təqdim olunan sənədləri oxumalı olduğunuzu çox yaxşı bilirdiniz. Müqavilədə o da qeyd olunub ki, təsisçiyə ƏDV daxil 224 min 200 dollar ödənilməlidir. Siz bunu da görməmişdiniz?"

Zərərçəkmiş "Ona güvəndim, bu səbəbdən də oxumadım. Xatırlamıram" deyərək cavab verib.

Zərərçəkmişin vəkili etiraz edərək onun təqsirləndirilən şəxs olmadığını bildirib və mühakimə edilməsinin doğru olmadığını xatırladıb.

Məhkəmə prosesin hərtərəfli aparılmalı olduğunu bildirərək etirazı rədd edib.

Proses zərərçəkmişin tam dindirilməsi üçün 4 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadədənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib.

İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin