Talassemiyalı uşaqların pulunu mənimsəyən şirkət rəhbərinin məhkəməsində MÜBAHİSƏ – “Bir qəpik də görməmişəm”

Hazırda oxunan: Talassemiyalı uşaqların pulunu mənimsəyən şirkət rəhbərinin məhkəməsində MÜBAHİSƏ – “Bir qəpik də görməmişəm”

213418

Talassemiyalı uşaqların müalicəsi üçün yığılmış pulları ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova ilə Aysel Məmmədovanın məhkəməsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses hakim Azər Məcidovun sədrliyi ilə baş tutub.

Məhkəmədə Nuridə Seyidovanın “Mərkəzi Klinika”, “Dövlət Gömrük Xəstəxanası” ilə müqavilə bağladığı ortaya çıxıb. N.Seyidova həmin müqavilələrin vacib olduğu üçün bağlandığını söyləyib.

Məhkəmə qərar verib ki, 2022-2023-cü illər ərzində adı çəkilən xəstəxanalarla Nuridə Seyidova arasında imzalanmış bütün sənədlərin, o cümlədən müqavilələr, xəzinə orderləri, maliyyə sənədləri, hesabatlar, dəftərxana yazışmaları və digər əhəmiyyətli kağızların sürəti çıxarılsın və məhkəməyə verilsin. 

Bununla bağlı adı çəkilən qurumlara məlumat verilsin.

Daha sonra məhkəmə zərəçəkmişlərdən müxtəlif məbləğlərdə alınan vəsaitlərin kimdə olduğunu müəyyənləşdirmək üçün həmin xəstələri yönləndirən Aynur Bayramova dindirib. 

Ondan zərərçəkmişlərin hər birindən alınan 10-30 min arası məbləğlərin kimdə olduğu soruşulub. Aynur Bayramova pullardan xəbəri olmadığını bildirib:

“Mən sadəcə xəstələri yönləndirdim. Onları da qan köçürmələri etdiyim dövrdən tanıyırdım. Pulun hamısını Nuridə götürüb. Deyirdi ki, bir xəstəni göndərmişəm Samsunda müalicəyə, digərini başqa yerə. Amma mən heç o xəstəxanaları da tanımırdım. Pulu üç yerə böldüyümüz iddiaları da yalandır. Mən heç bir qəpik də görməmişəm”.

Bu ifadə zərərçəkənlərin etirazın səbəb olub. Aynur Bayramova isə peşman olduğunu dilə gətirib:

“Mən sadəcə xəstələri yönləndirmişəm. Özüm də xəstə uşaq anasıyam. Onların vəziyyətini çox yaxşı anlayıram. Onlardan üzr istəyirəm. Nuridəyə inandığım üçün çox peşmanam”.

Nitqinin davamında A.Bayramova Nuridə Seyidovanın ünvanına təhqir edici ifadə işlədib. Buna görə də məhkəmə ona xəbərdarlıq edib.

Daha sonra iclas zalında səs-küy yaranıb. İclas 2 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib külli miqdarda pul mənimsəməyə görə onlar barəsində cinayət işi başlanılıb. İttihama görə, onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hər üç xanım müttəhim barəsində həbs qətiimkan tədbiri seçilib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin