Dövlət uşaq bağçalarında yer PROBLEMİ – Yeni bağçalar TİKİLƏCƏKMİ?

Hazırda oxunan: Dövlət uşaq bağçalarında yer PROBLEMİ – Yeni bağçalar TİKİLƏCƏKMİ?

213135

Azərbaycanda dövlət uşaq bağçalarının sayı ilə bağlı problemlər dəfələrlə səsləndirilib. Övladını bağçaya qoymaq istəyən, xüsusilə, işləyən valideynlər dövlət bağçalarında yer olmamasından şikayətçidirlər. Onların narazılığı bəzi ərazilərdə uşaq bağçalarının artan əhali, ailə sayına adekvat olmamasıdır. Məsələn, son illər əhalinin sıx məskunlaşdığı Sulutəpə qəsəbəsində yalnız bir uşaq bağçası fəaliyyət göstərir. Ona görə də valideynlər övladlarını özəl bağçalara qoymağa məcbur olurlar. Bu da həm əlavə xərc, həm də bağçalara etibar məsələsini aktual edir.

Bəs uzun illərin probleminin həlli nədədir?
 

MÖVZU İLƏ BAĞLI:

Bağçalar uşaqların inkişafına necə TƏSİR EDİR?


Bu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib ki, uşaq bağçalarının azlığı həm valideynlər, həm də uşaqların həyatında bir sıra problemlərə səbəb olur:

“Azərbaycanda dövlət bağçalarının sayının azlığı və mövcud problemlər, xüsusən Sulutəpə kimi sıx məskunlaşmış ərazilərdə, uşaq bağçalarının çatışmazlığı ciddi narahatlıq doğurur. Uşaq bağçalarının az olması, xüsusilə bağça yaşlı uşaqların təhsilə düzgün hazırlana bilməməsinə, sosiallaşma və psixoloji inkişaflarının ləngiməsinə, həmçinin valideynlərin iş həyatına mənfi təsir göstərir”.

Azərbaycanda dövlət bağçalarının say azlığının səbəbləri

Ekspert bağçaların azlığının səbəbini belə izah edib:

“İnfrastruktur çatışmazlığı: Böyük şəhərlərdə və sıx məskunlaşmış ərazilərdə əhali artımı ilə mütənasib olaraq yeni uşaq bağçalarının tikintisi təmin edilməyib. Sulutəpə kimi yaşayış məntəqələrində bir neçə min insan yaşayır, lakin bağça müəssisələrinin sayı əhalinin ehtiyaclarını qarşılamaq üçün kifayət deyil.

Maliyyə məhdudiyyətləri: Dövlət büdcəsinin məhdud olması uşaq bağçalarının tikintisinə və mövcud bağçaların təmirinə və yenilənməsinə vəsaitin ayrılmasına mane olur. Dövlət bağçalarının sayının artması üçün genişmiqyaslı layihələrin icrası üçün maliyyə resursları tələb olunur.

Sistematik problemlər: Dövlət bağçalarına daxil olmaq üçün çox vaxt müraciət sistemi gecikmələr və bürokratik çətinliklərlə qarşılaşır. Uşaqların bağçalara qəbulunda gecikmələr valideynlərin aylarla, hətta illərlə bağçaya düşməsini gözləməsi ilə nəticələnir”.

O, uşaq bağçalarının uşaqların psixoloji, sosial və fiziki inkişafına əhəmiyyətli töhfələr verdiyini, ünsiyyət qurmasında, nitqinin, qavrama qabiliyyətinin inkişafında əhəmiyyətli rol oynadığını bildirib.

Bu sahədə dünya təcrübəsi nə deyir?

Kamran Əsədov inkişaf etmiş ölkələrin erkən yaş təhsilinə böyük diqqət yetirdiyini qeyd edib:

“Finlandiyada uşaq bağçaları dövlət tərəfindən tam maliyyələşdirilir və bütün uşaqlar üçün əlçatandır. Fransada dövlət bağçaları bütün uşaqlara təhsil verir. Almaniyada "Kita" adlanan uşaq bağçaları geniş yayılıb və dövlət dəstəyi ilə işləyir. 

Beləliklə, Azərbaycanda uşaq bağçalarının sayının artırılması, erkən yaş təhsilinin inkişafı və sosial bərabərsizliyin aradan qaldırılması üçün dövlət və özəl sektorun əməkdaşlığı vacibdir. Dövlət tərəfindən uşaq bağçalarına investisiyaların artırılması və yeni bağçaların tikilməsi bu problemləri həll etmək üçün mühüm addım olacaq”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin