Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə sinif otaqlarını bit-birə basıb və məktəbdə dərmanlama işləri aparılıb.
Bununla bağlı Bizim.Media-ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər.
Valideynlər iddia edirlər ki, sentyabrın 23-də dərman səpiləndən sonra uşaqların bəzisi zəhərlənib.
Valideynlər məktəbin rus bölməsinin 6K sinfinin şagirdinin Sumqayıt şəhər xəstəxanasına aparıldığını və şagirdin kimyəvi maddədən zəhərləndiyini deyirlər. Onların sözlərinə görə, bundan sonra direktor bit-birə basmış korpusu bağlayıb, şagirdləri digər korpusa, ikinci növbəyə keçirib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, məsələ araşdırılır:
“Hazırda idarə əməkdaşları məktəbdədirlər, araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.
Zəhərlənən şagirdlərlə bağlı isə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB ) sorğu ünvanladıq.
Günay Şahmar, Bizim.Media