"Məhsul" stadionunun sabiq direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevə hökm oxunub.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən son iclasda Nadir Əliyevə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq etməklə 7 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və 3 il sınaq müddəti olmaqda şərti cəza verilib. N.Əliyev məhkəmə zalından azadlığa buraxılıb.
Alik Həsənova isə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 min manata satıldığını vəd ediblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar. Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadaraq külki miqdarda pulunu ələ keçirdiyi iddia edilir.
İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.
Bizim.Media