“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2019-cu ili 2,598 milyon manat xalis zərərlə başa vurub.
Bizim.Media qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 53,2% və yaxud 2,1 dəfə azdır.
2019-cu ildə AzTV-nin gəlirləri 34,242 milyon manat (2018-ci illə müqayisədə 5,1% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 32,938 milyon manat (1,4% çox), birja əməliyyatlarından gəlirləri 541 min manat (5,9 dəfə çox), sair əməliyyat gəlirləri isə 763 min manat (əvvəlki il olmayıb) təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
“AzTV-də neoavtoritar idarəçilik, Xəzər TV isə bataqlığa yaxınlaşır”
İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,75 milyon manat (3,5% az), o cümlədən sərf etdiyi materialların dəyəri 1,017 milyon manat (7,8% çox), əmək haqqı xərcləri 19,021 milyon manat (16,6% çox), amortizasiya xərcləri 4,851 milyon manat (17,4% az), sair əməliyyat xərcləri isə 11,861 milyon manat (20,8% az) təşkil edib.
2019-cu ildə AzTV 90 min manat mənfəət vergisi ödəyib ki, bu da 2018-ci illə müqayisədə 4,7 dəfə çoxdur.
2020-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 27,514 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% azdır. Hesabat dövrünə qurumun öhdəlikləri 4 dəfə artaraq 2,553 milyon manata çatıb, balans kapitalı isə 11% azalaraq 24,961 milyon manata düşüb.
Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.
Bizim.Media