İbtidai siniflərin İMTAHAN DƏRDİ - Dərs yükünün çoxluğu hansı FƏSADLARI yaradır?

Hazırda oxunan: İbtidai siniflərin İMTAHAN DƏRDİ - Dərs yükünün çoxluğu hansı FƏSADLARI yaradır?

212382

Yaponiya təhsilinə görə dünya ölkələri arasında xüsusi yer tutur. Bu ölkədə tətbiq olunan bəzi təhsil qaydaları var ki, səmərəliliyi, keyfiyyəti və nümunəviliyi ilə digər ölkələrdən fərqlənir.

Belə ki, Yaponiyada şagirdlər 4-cü sinifə qədər imtahan vermirlər. Müəllimlər uşaqların savadlarını ölçmək əvəzinə, ilk 3 il onun xarakterinin formalaşması, dünyagörüşünün artması, etiket qaydalarını öyrənmələrinə daha çox önəm verirlər. Ancaq Azərbaycanda ibtidai siniflərdə kiçik və böyük summativ qiymətləndirmə aparılır. Əlbəttə ki, bu, uşaqların testləri yaxşı yazmaq və yarım ili uğurla başa vurmaq bacarığını formalaşdırsa da, onlarda əlavə stress yaradır. 

Azyaşlının da universitetdə oxuyan tələbələr kimi test, qiymətləndirmə kimi imtahanlarla uğraşması, əlavə stress keçirməsi nə dərəcədə doğrudur? 

Qeyd olunan Yaponiya ibtidai təhsilinin də ölkəmizdə tətbiq olunması mümkündürmü? 

Bizim. Media məsələ ilə bağlı mütəxəssislərin fikrini öyrənib.

Saytımıza açıqlama verən psixoloq Nabat Mirzəyeva ibtidai sinifdə belə qiymətləndirmələrin keçirilməsini  doğru hesab etmir.

“İbtidai sinifdə imtahanların,  testlərin keçrilməsinin tərəfdarı deyiləm.  Bu, 5-ci sinifdən sonra keçirilə bilər. Çünki ibtidaidə uşaqlar bu testlərə hazırlaşmağın,  məsuliyyətin ağırlığı  altında qalırlar.  Nəticədə, dərslərlə yanaşı, testlərin stressini də çəkməyə başlayırlar”.

Psixoloq həm testlərin, həm də dərslərin yaratdığı mənfi hallarla, çətinliklərlə  bağlı da fikirlərini bildirib:

“Əvvəlki dövrlərə nisbətən indi ibtidai sinifdə oxuyan uşaqlara dərslər təəsüf ki, çox yüklənir. Ancaq belə olması uşaqları psixolojik olaraq çox yorur.  Çünki onlar hələ də dərslərə adaptasiya olmalı, yuxarı siniflərə keçdikcə özlərini hazırlamalıdırlar. Dərslərin çətinliyi şagirdin  əlavə hazırlıqlara getməsinə, həm də uşaqlığını tam keçirə bilməməsinə səbəb olur.

Onlar dərslərdən yorulduqları üçün bir sinifdən digərinə keçərkən həvəsləri azala bilər və ya azalır, mövzuların ağırlığına görə dərslərini təkbaşına edə bilmədikləri üçün çox çətinlik çəkirlər”. 

Təhsil eksperti Elçin Murad da şagirdlərin dərs yükündən danışıb. O, deyib ki, ibtidai  siniflərə bu qədər dərs yüklənilməsi , üstəlik imtahanların keçirilməsi doğru deyil.  Bəzi iş dəftərləri var ki, onlar şagird üçün sadəcə əlavə vaxt itkisi, dərsdən soyumasına səbəbdir.

“Təbii ki, bu gün Yaponiyada aşağı siniflərdə  daha çox  şagirdlərin  dünyagörüşü, yaradıcılıq bacarıqları formalaşdırılır. Bu da şagirdin yüksək səviyyədə, potensiallı yetişməyinə səbəb olur. Ancaq bizdə isə şagird hər tərəfli yüklənilir. Şagirdlər üçün summativ qiymətləndirmələrin keçirilməsi lazımsızdır, bunun onlara heç bir qatqısı yoxdur”,- deyə müsahibimiz qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin