Azərbaycanda estetik əməliyyat etdirənlərin sayı artıb. Əvvəllər yalnız səhnəyə çıxan şəxslərin üz tutduğu əməliyyatlara indi sadə vətəndaşlar daha çox meyl edirlər. Xüsusilə, burun plastikası, buxağın götürülməsi, dodaqların ölçüsünün dəyişdirilməsi və bu kimi prosedurlara maraq artıb.
Lakin bunların hamısı heç də uğurlu, müsbət nəticə vermir. Gözəlləşmək məqsədilə gedənlərin hamısı qüsur hesab etdiklərindən azad ola bilmirlər.
Uğursuz əməliyyatlarla bağlı tez-tez sosial şəbəkələrdə, mətbuatda şikayətlərə rast gəlirik.
MÖVZU İLƏ BAĞLI:
Qadınlarımız niyə bir-birinə BƏNZƏYİR? – Kütləviləşən əməliyyatların psixoloji FƏSADLARI
İşin maraqlı tərəfi odur ki, narazılıq edilən həkimlər sıradan, tanınmayan həkimlər deyillər. Televizya proqramlarında tibb mütəxəssisi kimi iştirak edən həkimlərin də uğursuz “əl işləri” olur. Onların bu əməliyyatları icra etmək üçün hansı sənədə sahib olduqları haqqında isə məlumat verilmir.
Bəs bu tip əməliyyatları yerinə yetirmək üçün hansı ixtisas üzrə təhsil alınmalıdır? Həmin həkimləri efirlərə çıxarmadan öncə təhsilləri ilə bağlı rəy öyrənilməlidirmi?
Mövzuya münasibət bildirən Tibb Universitetinin dosenti, tanınmış həkim Rəşid Mahmudov Bizim.Media-ya deyib ki, bu əməliyyatların heç biri düzgün deyil:
“Allah orqanizmi normal yaradır, amma anomaliyalar ola bilər. Burnu balacalaşdırmaq ağılsızlıqdır. Bütün bədənə, tənəffüs sisteminə aid olan hər şey ölçülüb, biçilib və o cür də olmalıdır.”.
Həkim bildirib ki, estetik əməliyyat edənlərə heç bir təhsil ocağında bu barədə dərs keçirilmir:
“Estetik əməliyyat eləyən haranı qurtarıb?! Tibb universitetində elə bir dərs keçilmir, estetik əməliyyat adlı kafedra yoxdur, yəni heç bir yerdə yoxdur. Bunlar özlərindən öyrəniblər, “buranı kəsim ora, oranı kəsim bura calayım”la öyrəniblər. Bunların heç biri düzgün iş deyil.
Elə bir elm yoxdur, estetik əməliyyat nədir? Onlardan soruşmaq lazımdır ki, estetik əməliyyatı harda öyrənmisiz, elə bil öyrənilən yer, kafedra, onu öyrədən müəllim varmı?! Bunların heç biri yoxdur, hardan öyrəndilər axı?! Özləri birinin burnunu balacalaşdırır, birinin qabırğasını kəsib götürür, bunlar düzgün deyil”.
Günay Şahmar, Bizim.Media