“Aclıq-aclıq deyib məhkəməyə təsir etməyin” - Qubad İbadoğlunun işi ilə bağlı MƏHKƏMƏDƏN/FOTO

Hazırda oxunan: “Aclıq-aclıq deyib məhkəməyə təsir etməyin” - Qubad İbadoğlunun işi ilə bağlı MƏHKƏMƏDƏN/FOTO

212218

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin növbəti məhkəməsi keçirilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda da ancaq Fazil Qasımov danışıb.

Prosessual qaydaya görə ilk baxış iclasında ittiham aktı tərəflərə elan edilməlidir. Amma artıq ikinci baxışdır ki, təqsirləndirilən Qasımov cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb, iclas üçün ayrılmış 1 saatda sözügedən vəsatətini əsaslandırıb. Ona ittihamın elanından sonra geniş ifadə verəcəyi xatırladılıb, vəsatətini qısa əsaslandırmaq təklif edilib. Qasımov isə iclasboyu çıxış edib.

Sona doğru isə vəkili Rövşanə Rəhimli qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Müdafiəçi müvəkkilinin 97 gündür aclıq etməsini, vəziyyətinin pisləşdiyini və məhkəməyə də əsa ilə gəldiyini hakimlərin diqqətinə çatdırıb.

Prokuror Fuad Musayev qaldırılan hər iki vəsatətə əks-münasibət göstərib.

Fotoda: Fuad Musayev


Prokuror təqsirləndirilən şəxsin hər dəfə aclıq elan etdiyini deməsinə də fikir bildirərək “xahiş edirəm, aclıq-aclıq edirəm deyib, qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə təsir etməyin. Aclıq aksiyası ucuz taktikadır. Siz özünüzü toplayın, aclığı da dayandırın. Ondansa, dəlil və sübutlar toplayın, özünüzü müdafiə edin”, - deyib.

Müttəhimin vəkili Rövşanə Rəhimli isə prokurorun dediklərinə etiraz edib, aclıq aksiyasının şəxsin hüququ olduğunu bildirib.

Bu vaxt tərəflər arasında qısa mübahisə yaşanıb. Prokurorun “Aclıq etmək onun hüququ deyil, adamı məcbur etməyin”, - sözlərinə vəkil bir kəlmə ilə “hüququdur” - deyə cavab verib.

Məhkəmə tərəfləri sakitləşdirib. Prosesin oktyabrın 10-na kimi təxirə salındığı elan edilib.

Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin