Bütün dünyada mərc oyunlarına böyük maraq var. Azərbaycanda mərc oyunları, lotereyalar “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada keçirilir. Buna baxmayaraq, sosial şəbəkələrdə qanunla keçirilməsi qadağan edilən oyunların təşkilinə, reklamına da rast gəlinir.
İnsanlar müxtəlif mərc oyunları oynayarkən vaxtını əyləncəli keçirsə də, hamı qalib olmur. Oyundan qalib ayrılmaq, qazanc əldə etmək üçün sona qədər oyuna gələnlər var. Lakin bu oyunların müsbət sonluqla bitməsi nadir hallarda olur.
Bəs insanlar, xüsusilə, gənclər mərc oyunlarına niyə meyl edirlər? Zəhmət tələb etməyən qazanc yolu, yoxsa şirnikləndirici varlanmaq?
MÖVZU İLƏ BAĞLI:
Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, sosial şəbəkələrdə bahalı həyat yaşayanlar sadə insanları buna vadar edir:
“Son dönəmlər insanlar sosial şəbəkələrdə dəbdəbəli həyat, istirahətə gedən insanlar, bahalı avtomobillər, bər-bəzəkli evlər, zinət əşyaları görürlər. İnsanlar da varlanmaq istəyirlər. Ən pisi odur ki, insanlar işləyərək, oxuyaraq varlanmaq istəmirlər. Ani surətdə bunlara sahib olmaq istəyirlər. Bu istək də intihara qədər aparıb çıxarır.
Bu yaxınlarda hüquqşünaslıq fakültəsini bitirmiş bir gəncin mərc oyunlarına görə intihar etdiyini eşitdik. Yəni bu gün oxumuş, savadlı insan bir neçə il əziyyət çəksə, hansısa uğura imza atacaq. Bu ani varlanmaq hissi insanları mərc oyunlarına, lotoreyalara gətirir. Onlar əllərindəkini bu oyunlara xərcləyir və sonda nəinki qazanmaq, əlində olanı da itirir”.
Onun sözlərinə görə, bunu arzularını öz gücləri hesabına reallaşdıra bilməyən insanlar edirlər:
“Özgüvəni aşağı olan, tamahkar, nəfsinə sahib çıxa bilməyənlər bu yola daha çox meyl edirlər. Amma bu yolun uğursuz olduğunu da anlamalıdırlar. Bu gün xanımların çoxu xarici film və seriallara baxır. Məsələn, hind filminə baxanda elə bilirik ki, Hindistanda hər kəs təntənəli, zadəgan həyatı yaşayır.
Hindistandakı reallıq isə başqadır, bəzi yerlərdə heç ayaqyolu belə yoxdur. Bəzən görürük ki, qısa müddətdə varlanmağa çalışanlar ya intihar edir, ya da həbsə girir. Qısa müddətdə varlanmağa çalışanda insan hər cür qanun pozuntusuna, ədalətsizliyə yol verir. Ona görə də uşaqlara aşağı yaşlardan həyatı düzgün yaşamağın yollarını öyrətmək lazımdır”.
Günay Şahmar, Bizim.Media