Valideynlərin yaratdığı xoşagəlməz ƏNƏNƏ – Niyə məktəblər üçün pul yığırıq?

Hazırda oxunan: Valideynlərin yaratdığı xoşagəlməz ƏNƏNƏ – Niyə məktəblər üçün pul yığırıq?

212027

Bu gün məktəblərdə yaşanan problemlərdən biri də valideyn komitəsinin valideynlərdən pul yığmasıdır. Məsələylə bağlı Elm və Təhsil Nazirliyi, o cümlədən bəzi məktəblərin rəhbərlikləri tərəfindən dəfələrlə xəbərdarlıqlar edilsə də, təəssüf ki, bu hallar hələ də davam edir.  Bu da şagirdlərin müəllimlərinə istədikləri, xəyal etdikləri kimi, valideynlər arasında hədiyyə rəqabəti olmadan  kiçik hədiyyələr almaqlarına, hazırlamaqlarına mane olur. 

Maraqlıdır ki, dünya təcrübəsində belə hallar, özəl günlərdə valideynlərin birgə təşkilatçılığı ilə müəllimlərə hədiyyə alınması və kütləvi şəkildə  pul yığılması müşahidə olunmur. Nədənsə, bu xüsusiyyət sanki bizim ölkəmizə, cəmiyyətimizə xasdır.

Bəs bunun səbəbi nədir? Məktəblərdə niyə pul yığılır?
 

MÖVZU İLƏ BAĞLI:

Bilik Günü hansı ölkələrdə, nə zaman qeyd edilir? – SİYAHI


Bizim.Media-ya açıqlama verən sosioloq Lalə Mehralı ölkəmizdə valideyn komitəsi anlayışının yanlış təzahür etdiyini, buna görə də məktəbdə pul yığılması hallarının çoxaldığını  vurğulayıb:

“Valideyn komitəsi valideyn və məktəb arasında təşkilati, tədris məsələləri, uşaqların tərbiyəsi baxımından müəllim və valideynlər arasında əlaqə yaradır. Bu anlayış bütün dünyada belədir. Ancaq bizim ölkədə valideyn komitəsi pul yığmaqla assosasiya  olunur.

Belə bir fikir formalaşıb ki, valideyn komitəsi varsa, onun işi pul yığmaqdır. Bu fikri biz özümüz formalaşdırırıq və vəziyyətin təşəbbüskarı valideynlərdir”.

Sosioloq məktəbin ilk günü dekorların hazırlanması  üçün pulun yığılmasına da münasibət bildirib.

“Uşaqların xüsusi, 500 manata quraşdırılmış dekorun qarşısında şəklinə, fotoqraf xərcinə və s-yə gərək yoxdur.  Çox peşəkar formada fəaliyyət göstərən valideyn komitələri var ki, uşaqların ekskursiyalara aparılması, tədrislə bağlı digər məsələləri həll edirlər”.

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, məktəblərdə pul yığılmaması üçün ciddi maarifləndirilməyə ehtiyac var:

“Xarici məktəblərdə, həmçinin,  Azərbaycandakı özəl məktəblərdə rəhbərlik tərəfindən maarifləndirmə aparılır, müəllimlərə valideynlərə xəbərdarlıqlar edilir ki, pul yığımı, hədiyyə alımı olmasın. ABŞ-da, Estoniyada, Finlandiyada, İspaniyada müəllimlərə hədiyyə alınır, amma bu, fərdi qaydada olur, şagirdlər öz fikirlərində necə hədiyyə düşünürlərsə, onu alırlar. Yəni, onun maddi yox, simvolik dəyərinə daha önəm verilir. Müəllim üçün hədiyyə valideynlər tərəfindən pul yığılıb alınmır.  Bu təşəbbüs bir yanaşmadır və Azərbaycandakı insanlar da məsələyə belə yanaşırlar”.   

Pul yığmaq hansı mənfi halların yaranmasıyla nəticələnir?

Ekspert bu məsələyə də aydınlıq gətirib. O, deyib ki, mütəşəkkil şəkildə pul yığılıb hədiyyə alındıqda bəzi valideynlər pul verə bilmədikləri üçün  pis vəziyyətə düşə bilərlər:

“Həmçinin, uşaqlar arasında da məlum olacaq ki, kim müəllimə hədiyyə ala bilmir. Yəni, bu hədiyyə olmaqdan çıxıb, bir maaliyyə əməliyyatına dönüşəcək. Bunun olmaması üçün belə halların  qarşısı mütləq alınmalıdır”.        

Nəzrin  Mirzəyeva, Bizim.Media                                                                                                   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin