Sahibkarların obyektlərinin əlindən alınması ilə bağlı Qusar İcra Hakimiyyətindən AÇIQLAMA

Hazırda oxunan: Sahibkarların obyektlərinin əlindən alınması ilə bağlı Qusar İcra Hakimiyyətindən AÇIQLAMA

212009

Xəbər verildiyi kimi Qusarda bir qrup sahibkarın fəaliyyətinə müdaxilələrin olduğu iddia olunur. Söhbət Qusar rayon Samur qəsəbəsi, “Samur” gömrük-sərhəd buraxılış məntəqəsi yaxınlığında fəaliyyət göstərən sahibkarlardan gedir. İddialara görə Qusarın Azərbaycan-Rusiya sərhədində yerləşən Samur gömrük-keçid məntəqəsinin qarşısındakı obyektlərin söküləcəyi, sökülən obyektlərin yerində isə hansısa təyinatlı obyektlərin inşa ediləcəyi bildirilir. Məlumata görə sahibkarlar obyektlərinin qanunsuz əllərindən alınmasına etiraz edirlər.

Sahibkarlar bildirib ki, bir neçə gündür ki, onların qanuni mülkiyyətində olan iaşə obyektlərinin işığı və qazı kəsilib. Üstəlik icra başçısının göstərişi ilə bu obyektlərə su da verilmir.

Digər iddialara görə Turist” kafesinin sahibi Ramin Talıbov, “Ukraina” kafesinin sahibi Teymur Səlimov, “Rossiya” kafesinin sahibi Hikmət Xəlilov ən çox təzyiq edilən sahibkarlardır. Belə ki, onlara öz mülkiyyətlərindən imtina etmək üçün konkret vaxt verilib.

Qusar rayon sakini Sultan Mehralıyev yerli mediaya açıqlamasında deyib ki, mülkiyyət hüququ ona məxsus olan “Azərbaycan” adlı restoranı yerli məmurların və gömrük işçilərinə yaxınlığı ilə seçilən Rüfət Qəhrəmanovun təzyiqi ilə onun əlindən alınır. Hansı ki, sözügedən restoran Samur-gömrük sərhəd buraxılış məntəqəsinin yaxınlığında yerləşir. Sultan Mehrəliyevin sözlərinə görə özünü terminalın işçisi kimi təqdim edən Rüfət Qəhrəmanov ona 242 min AZN təklif edərək “Azərbaycan” restoranını təhvil verməsini tələb edib. Şikayətçi qeyd edib ki, ona bu yöndə edilən təzyiqlərdə Samur qəsəbəsinin icra nümayəndəsi Elxan Babayev və yerli bələdiyyə sədri Elnarə Eyyubova da yer alır. Bu şəxslər sahibkara deyiblər ki, guya restoranın yerində gömrüyə aid hansısa infrastruktur binası tikmək istəyirlər. Hətta bu məsələyə görə sahibkar Qusar rayon İcra Hakimiyyətinə dəvət edilib. Onunla başçının müavini Şahid Fərəməzov, Hüquq şöbəsinin müdiri Telman Kazımov və baş memar Şahbaz Saruxanov söhbət edib. Şikayətçi iddia edib ki, icra hakimiyyətindəki görüşdə tanımadığı bir gömrük işçisi də iştirak edib. O, restoranının əlindən alınmasını qanunsuz hesab edirək,

Sahibkarların bu iddiaları həqiqəti əks etdirirmi?

Samur gömrük-keçid məntəqəsinin qarşısında yerləşən obyektlərin sökülməsinə səbəb nədir? Sökülmə işlərinə başlanılarsa, sahibkarlara kompensasiyaların ödənilməsi və ya güzəştlərin olması nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Qusar Rayon icra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Qusar rayonunda genişmiqyaslı abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdədir:

“Respublikamızın sərhəd keçid məntəqələri yerləşən rayonlarında gömrük buraxılış məntəqələrinin qarşısında “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Tədbirlər Planına uyğun müasir infrastrukturun yaradılması tədbirləri həyata keçirilir. Qusar rayonunun da ölkəmizin şimal qapısı olduğunu, turizm bölgəsi kimi günü-gündən inkişaf etdiyini nəzərə alaraq, bütün rayon ərazisində, xüsusilə Samur Gömrük Buraxılış Məntəqəsi ətrafında abadlıq-quruculuq işlərinin görülməsinə, müvafiq layihə üzrə yeni infrastrukturun yaradılması üçün tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Qeyd olunan ərazidə infrastrukturun müasir tələblərə uyğunlaşdırılması üçün Dövlət Gömrük Komitəsi ilə birgə müvafiq işçi qrupu yaradılıb, əhali və sahibkarlar arasında izahat-maarifləndirmə işləri aparılıb. Ərazidə aparılan quruculuq tədbirləri çərçivəsində müxtəlif təyinatlı 27 obyektin qanunvericiliyin tələblərinə uyğun olaraq sökülməsi, bir sıra obyektlərin dam örtüklərinin və fasadlarının xüsusi tərtib olunmuş layihəyə uyğun olaraq yenidən qurulması nəzərdə tutulub”.

İcra hakimiyyətindən o da bildirilib ki, söküntüsü nəzərdə tutulmuş obyektlərin müvafiq qaydada qiymətləndirilməsi başa çatdırılıb və obyektlərin əksəriyyətində təmir işlərinə başlanılıb:

“Kompensasiya ödənilməklə sökülməsi nəzərdə tutulan obyekt sahiblərinə bildirişlər təqdim edilib, onlar arasında izahat işləri aparılıb. Bir daha bildiririk ki, icra edilən infrastruktur layihələri “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Tədbirlər Planına uyğun olaraq həyata keçirilir. Ərazidə əhaliyə gömrük və sərhədlə bağlı xidmətlərin göstərilməsi üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur”.

Aytəkin Alxaslı, Şimal bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin