Bu gün Zaqatala rayonunun Oruc Rəsulov adına Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri üçün tarixi bir gündür. Kənd məktəbi üçün inşa edilən 432 şagird yerlik yeni bina qapılarını şagirdlərin üzünə açıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məktəbin əvvəlki binası uzun illər istismarda olduğundan son illər yararsız vəziyyətə düşmüşdü.
Tikintisinə bu ilin yanvarında başlanılmış üçmərtəbəli yeni məktəbdə 29 sinif otağı, hər cür avadanlıqla təchiz olunmuş kimya, biologiya, fizika kabineti və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və texnologiya kabinetləri, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 260 nəfərlik akt zalı, 90 nəfərlik bufet, idman zalı şagirdlərin istifadəsinə verilib.
Diqqətə çatdırılıb ki, yeni tədris ilində məktəbdə 380 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olacaq.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova jurnalistlərə açıqlamasında bildirib ki, Regional İdarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən Balakən rayonu Bedağar kənd tam orta məktəbi və Şəki şəhəri 18 nömrəli tam orta məktəbin yeni binalarının tikintisi davam edir.
Eyni zamanda, yaxın gələcəkdə Şəki rayonu Köndələn kənd tam orta məktəbi və Qəbələ rayonu Bılıx kənd tam orta məktəbinin sökülərək yenidən inşa edilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb.
O da qeyd olunub ki, Şəki-Zaqatala regional təhsil idarəsinin əhatəsində olan 360 təhsil müəssisəsində 11382 nəfər təhsil işçisi çalşır ki, onlar 82 min 342 nəfər şagirdin təlin-tərbiyəsi ilə məşğul olur. Bu il məktəbə ilk dəfə qədəm qoyacaq birincilərin sayı isə 6 min 864 nəfərdir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu