“Çılpaq müğənniləri tənqid edənlər, onları görəndə şəkil çəkdirirlər” – Fazil Mustafa

Hazırda oxunan: “Çılpaq müğənniləri tənqid edənlər, onları görəndə şəkil çəkdirirlər” – Fazil Mustafa

211281

İctimai qınaq tənqid üsullarından biridir. Normal cəmiyyətlərdə ədalətsizlik, qanun pozuntusu, işinə məsuliyyətsizlik, təbiətə müdaxilə ictimai qınağa səbəb olur. Təkcə hadisələr yox, şəxslər də elədikləri hərəkətlərə görə, xüsusən bu hərəkət digərlərinin azadlığı, həyat tərzi, yaşayışına mane olursa qınağa tuş gəlirlər. Təbii ki, ictimai qınağın əndazəsini aşıb linçə keçdiyi də olub.

Azərbaycanda isə ictimai qınaq daha fərqli anlayışlara yönəlir. Son illər ictimai qınağın daha çox ayaq açdığı sosial şəbəkələrdə bəzən hadisələr, onun insanlara, təbiətə verdiyi ziyan yox daha çox şəxsi keyfiyyətlər, zahiri keyfiyyətlər tənqid olunur, qınanılır.

Yazılmış qanunları pozanlar tənqid olunmurlar.

Bəzən birinin malına göz dikən, oğurluq edən şəxsə haqq qazandırılır. Amma onu ictimailəşdirən isə saysız-hesabsız tənqid və təhqirlərə tuş gəlir. Bir məmurun işini düzgün görməməsi, qanunsuzluğa yol verməsindən çox onun geyimi, istifadə etdiyi aksessuarları tənqid olunur. Birinin təbiəti çirkləndirməsindən çox onun qısa ətəyi, dar köynəyi daha çox müzakirə olunur. Bir sözlə, hər hansı addım atan şəxs artıq nəyin qınanılacağını, nəyin alqışlanacağını bilmir.

Maraqlıdır, Azərbaycanda ictimai qınaq ənənəsi nə zaman dəyişəcək, niyə dəyişmir?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Fazil Mustafa bildirib ki, bu, cəmiyyətin dəyərlərindən doğan bir məsələdir:

“Cəmiyyət nəyə önəm verirsə, hansı istiqamətdə insanların düşüncəsi, dünyagörüşü formalaşırsa, hadisələrə də o cür baxış bucağı yaranır. Bizdə israfçılıqla, küçədə davranışlarla, yerə zibil atmaqla bağlı ictimai qınaq yoxdur. Yəni bu hamısı onu göstərir ki, cəmiyyət hansısa formada özünü dəyişməyə hazır hesab etmir.

Xaricdə bostanların və yaxud da müəyyən əkin yerlərinin yanında məhsulları yığıb qoyurlar və kim istədi götürüb pulunu ora qoyur. Bizdə belə bir şey eləmək ağlabatandırmı, mümkündürmü?! Beş nəfər ola bilsin ki, vicdanı yol verib bu pulu qoyacaq, amma təminat varmı ki, kimsə bu pulu götürüb getməyəcək yaxud aldığı məhsulun pulunu vermədən aradan çıxmayacaq?!”

O deyib ki, ictimai qınaq üçün gərək ictimaiyyət olsun:

“Bu ənənlərə biz bir də diqqət yetirsək, görərik ki, ictimai qınaq cəmiyyətin dəyərlərə münasibətindən başlayır. Əgər sağlam dəyərlərə söykənməyən cəmiyyət müəyyən dərəcədə çoxluğu təşkil edirsə, həmin insanlar daha çoxdularsa, onların ictimai qınağa da təsir və maraq imkanları yox səviyyəsində olur. Bizdə də təəssüf ki, belədir. Ona görə də heç bir sahədə ictimai qınaq görünmür.

Hamı bir müğənninin çılpaq geyimindən danışır, diqqət etsək, bunu danışan abırlı qadınlar, abırlı kişilər onu görən kimi yanına cumub, şəkil çəkdirirlər. Yəni nəyi tənqid edib, nəyi təbliğ edirlər özləri də mənasını bilmirlər.

Bu, hər sahədə də belədir. İctimai qınaq üçün gərək ictimaiyyət olsun, ictimiayyət yoxdur ortada. Bu baxımdan kiminsə hansısa bir şəkildə küskünlüyünün, iradının bunlara təsiri olacağını düşünmürəm. Həyatla bağlı daha ciddi dünyagörüşə sahib olmaq vacibdir ki, problemləri doğru çözmək mümkün olsun”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin