Pəhriz hər zaman insanların həyatının mərkəzində olub. Kimisi arıqlamaq üçün, kimisi də sağlam qidalanma üçün pəhriz saxlamaq istəyir. Sosial mediada qarşımıza tez-tez müxtəlif pəhriz növləri çıxır. Buna görə də, insanlar ən yaxşı pəhrizin hansı olduğunu sual edirlər.
Sağlam və təsirli pəhriz növləri
Diyetoloq Ceyhunə Yusifova Bizim.Media-ya ən sağlam və təsirli qidalanma növləri ilə bağlı bəzi tövsiyələrini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Arıqlamaq üçün bu tərəvəzləri yeyin - SİYAHI
1. Balanslı və rasional qidalanma: Bütün qida qruplarından (meyvə, tərəvəz, tam taxıl, yağlı toxumlar, balıq, ət, süd məhsulları) adekvat miqdarda istehlak etmək vacibdir. Beləliklə, vücudunuzun ehtiyac duyduğu bütün qidaları alırsınız.
2. Mümkün qədər işlənməmiş və təzə qidalardan istifadə etmək: İşlənmiş qidalar yerinə tam taxıllar, təzə meyvə və tərəvəzlər, yağlı toxumlar, yumurta və balıq kimi daha az işlənmiş qidaları seçmək sağlamlıq üçün daha faydalıdır.
3. Zülal, lif və yağlar üçün bitki mənbələrinin seçilməsi: Qırmızı ət əvəzinə lobya, mərcimək və noxud kimi bitki mənşəli protein mənbələri; yağ ehtiyacimiz uçun zeytun yağı, qoz və badam kimi yağlı toxumlar; Ağ çörək əvəzinə tam taxıl çörəyini seçmək məsləhətdir.
4. Nizamlı və ölçülü qidalanma: Gündə 3 əsas yemək və qəlyanaltıya bölünən nizamlı qidalanma maddələr mübadiləsini dəstəkləyir və sağlam çəkiyə nəzarət etməyə kömək edir.
5. Yetərli maye istehlakı: Gündəlik olaraq su, ayran və meyvə şirəsi kimi mayelərin kifayət qədər istehlak edilməsi bədənin su ehtiyacını qarşılamaq üçün vacibdir.
Ən çox rastlaşdığımız pəhriz növləri
Ceyhunə Yusifova deyir ki, müxtəlif, balanslaşdırılmış, az işlənmiş və bitki qidalarına əsaslanan pəhriz ən sağlam və ən təsirli yanaşmadır. O, sağlam qidalanma baxımından sosial şəbəkələrdə qarşımıza çıxan bəzi pəhrizlər barədə məlumat verib.
1. Aralıq dənizi pəhrizi: Zeytun yağı, tərəvəzlər, meyvələr, tam taxıllar, balıq və paxlalıların əsas qida qaynağı olduğu bir qidalanma modelidir.
2. Bitki əsaslı pəhriz: Tamamilə bitki qidalarının istehlak edildiyi, ət və heyvan mənşəli məhsulların daxil edilmədiyi bir pəhriz.
3. DASH (Hipertenziyanı dayandırmaq üçün pəhriz yanaşmaları) Pəhriz: Tərəvəz, meyvə, tam taxıl və az yağlı məhsullardan ibarət yüksək qan təzyiqi riskini azaltmaq üçün nəzərdə tutulmuş pəhriz.
4. Flexitarian Diet: Bu çevik vegetarian pəhrizdir və əsas qida mənbəyi bitki qidaları olsa da, ət də bəzən istehlak edilə bilər.
5. Paleo Pəhriz: İnsan növünün ovçu-toplayıcı dövrünə əsaslanan, işlənməmiş təbii qidaların (ət, balıq, tərəvəz, meyvə, paxlalılar, yağlı toxumlar) istehlak edildiyi qidalanma yanaşması.
6. Keto (Ketogenik) Pəhriz: Karbohidrat qəbulunun çox az olduğu, bədənin yağ yandırmasını hədəfləyən pəhriz növü.
“Bu əsas pəhriz növləri arasında fərdin sağlamlıq vəziyyətinə, həyat tərzinə və seçimlərinə ən uyğun olanı müəyyən etmək vacibdir”, -deyə diyetoloq vurğulayıb.
Nuray, Bizim.Media