Azərbaycanda çox danışılan sahələrdən biri də kino sektorudur. Bu sahədə müəyyən işlər görülsə də, ayrı-ayrı gənclər fərdi olaraq qısametrajlı filmlər çəkib, beynəlxalq müsabiqələrə qatılsalar da, bunu yetərli hesab etmək olmaz. Son illərdə bütün ölkəni əhatə edəcək bədii filmin çəkilməməsi, xüsusilə, 44 günlük Vətən müharibəsinə aid filmlərin istehsal olunmaması bu sahəyə tənqidi fikirləri artırır.
Lakin bu mövzuda müvafiq qurumlar tərəfindən ssenari müsabiqələri elan olunub və qaliblər müəyyənləşib. Belə müsabiqələrdən birini də bu il Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) keçirib. “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin 4 qalibi elan olunub və onlara müəyyən məbləğdə pul mükafatları verilib.
Bəs qalib ssenarilərin sonrakı taleyi necə olur? Bu filmlərin istehsalını kim həyata keçirir?
Məsələ barədə Bizim.Media-ya danışan Azərbaycan Kinematoqrafçılar İttiafqının (AKİ) katibi Əli İsa Cabbarov deyib ki, həmin ssenarilərə filmin çəkilməsi öhdəliyini biz üzərimizə götürmürük:
MÖVZU İLƏ BAĞLI:
Müxtəlif peşə sahiblərinin kinomuza baxış bucağı – SORĞU
“Bizim elan etdiyimiz müsabiqə ssenari müsabiqəsidir. Biz müsabiqədə iştirak edən iştirakçılar qarşısında ancaq ssenariləri dəyərləndirmək və pul mükafatı vermək öhdəliyini götürürük. Onun istehsalının öhdəçiliyini götürmürük, çünki bu, bizim imkanımız xaricindədir. Amma biz qalib ssenariləri aidiyyatı strukturlara, prodüserlər maraqlananda onlara göndəririk. Yəni AKİ-nin resursları çərçivəsində sadəcə olaraq ssenari müsabiqəsini keçiririk. Amma onun kinoya gəlməsi üçün prodüser mərkəzləri və yaxud Kino Agentliyi dəstəkləməlidir. Yəni biz onlara belə yaxşı ssenarilərin varlığı barədə kömək edirik”.
O bildirib ki, hələki qalib ssenarilərin istehsalına başlanılmayıb:
“Elə olub ki, bizim qalib ssenarilər Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə də iştirak edib, qalib olub. Amma hələki qalib ssenarilərimizdən istehsala keçəni olmayıb. Amma biz növbəti müsabiqəni Kino Agentliyi ilə birgə keçirmək istəyirik ki, qalib ssenarilər əsasında filmlər çəkilsin. Yəni işimiz ssenariləri dəyərləndirmək, məqsədimiz ssenari yazılşının keyfiyyətini artırmaqdır. Çox müəlliflər var ki, onların yaxşı ideyaları var, amma yazmağa stimul yoxdur. Burada pul mükafatı var deyə müəlliflərin çoxu məhz o pul mükafatına görə müraciət edib, ideyalarını ssenari şəklində göstərirlər”.
Günay Şahmar, Bizim.Media