“Atabəylər”dən sonra daha hansı tarixi dövlətlərimizlə bağlı filmlər ÇƏKİLMƏLİDİR?

Hazırda oxunan: “Atabəylər”dən sonra daha hansı tarixi dövlətlərimizlə bağlı filmlər ÇƏKİLMƏLİDİR?

210695

Xəbər verdiyimiz kimi 1136-cı ildə  Azərbaycanda  yaradılan Atabəylər dövlətinin tarixindən bəhs ediləcək “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı tarixi bədii televiziya filminin ilk bölümünün oktyabr ayının sonu-noyabr ayının əvvəllərində yayımlanması planlaşdırılır.  

Baş rollarında Zabit Səmədov və Mehriban Zəkinin yer aldığı film bir çox insan tərəfindən maraqla gözlənilir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Atabəylər: Şəmsəddin Eldəniz” serialının yayımlanacağı vaxt AÇIQLANDI - ÖZƏL/VİDEO


Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə Bizim.Media-ya açıqlamasında ölkəmizdə belə tarixi filmin çəkilməsini çox yaxşı qiymətləndirir. O deyir ki,  bu, çoxdan olmalı idi: 

“Burada  əsas olan odur ki,  biz ekranlarda tariximizi görəcəyik. Heydər Əliyev də deyib ki, tarixi filmləri bədii səviyyələrindən asılı olmayaraq  çəkmək lazımdır. Ola bilər ki, bədii səviyyə yüksək olmasın, ancaq tarixi filmi çəkmək lazımdır ki, dünyaya Azərbaycan tarixi nümayiş etdirilsin. Mən bu filmi çəkənləri alqışlayıram”.  

Bilirik ki, Azərbaycan tarixi min illəri, əsrləri əhatə edir. Tarix boyunca ərazilərimizdə türk dövlətləri yaradılıb, Cavanşir, Babək, Şəmsəddin Eldəniz , Şah İsmayıl Xətai, Nadir Şah Əfşar və s. kimi Azərbaycan hökmdarlarının başçılığı altında şanlı Azərbaycan tarixi yazılıb. 

Maraqlıdır ki, Atabəylər dövlətindən başqa daha hansı tarixi dövlətlərimizlə bağlı filmlər çəkilməlidir?

Tarixçi Zaur Əliyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, təbii ki, Atabəylər də bizim tarixi dövlətimizdir, onun filmə çəkilməsi çox yaxşı haldır. Ancaq  Atabəylərə aid film çəkməklə Azərbaycan tarixini çox gəncləşdiririk: 

“Çünki  Atabəylərdən öncə Manna, Atropatena, Albaniya, Lullubilər, Kutilər və s kimi Azərbaycan dövlətləri olub.  Cavanşirin yaşadığı Girdiman ərazisi Azərbaycan torpağıdır, buna görə də  Albaniya dövrüylə bağlı film olsaydı, daha yaxşı olardı. Çünki ermənilər bizim o dövrümüzə, Albaniya dövlətinin tarixinə sahib çıxmağa çalışırlar. 

Albaniya dövlətinin dövründə Ağdam- Bərdə ərazisində  “Aquen Kilsə Məclisi” keçirilib. Məsələn, bu dövr bir filmə çəkilsə, biz erməniləri daha yaxşı susdura bilərik”.  

Müsahibimiz qeyd edib ki, biz tarixi filmlərin çəkilməsiylə bağlı çox gecikdik:

“Türkiyədə Osman Qaziylə bağlı çəkilən serialda demək olar ki, bizim tariximizdən istifadə ediblər.  Serialda Süleyman Şahın oraya  Azərbaycandan getdiyini qeyd etməyiblər. Halbuki, o, Azərbaycanın  Gəncəbasar ərazisindən Suriyaya, oradan isə Türkiyə ərazisinə gedib. Bundan əlavə Babəklə, Nəsimiylə bağlı filmlərimiz olsa da, Şah İsmayılla bağlı yoxdur”. 

Tarixçi Qazaxıstanda Massaget hökmdarı Tomris xatunla bağlı filmin çəkilməsi barədə fikirlərini də bölüşüb:

“Massaget hökmdarı Tomrislə bağlı film Qazaxıstanda çəkildi, biz buna etiraz etdik. Çünki Heredot, Strabon, Ptolomey kimi tarixçilər də Tomrisin Azərbaycan ərazisində - Araz çayı ətrafında  yaşadığını qeyd edib”.

Nəzrin Mirzəyeva, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin