Coğrafiya İnstitutu 6-11-ci sinif şagirdləri üçün yeni “Atlas” nəşr edib

Hazırda oxunan: Coğrafiya İnstitutu 6-11-ci sinif şagirdləri üçün yeni “Atlas” nəşr edib

210350

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun 6-11-ci sinif şagirdləri üçün hazırladığı “Atlas” yenicə çapdan çıxıb.

İnstitutdan Bizim.Media-ya bildirilib ki, Azərbaycanın ümumtəhsil məktəblərində fənn tədrisinin keyfiyyətini artırmaq məqsədilə dərsliklər mütəmadi olaraq yenilənir, daha zəngin məlumatlarla təchiz edilir və dövri olaraq yenidən nəşr edilir. 

Coğrafiya dərsində istifadə olunan dərsliklərlə yanaşı, əlavə materialların, xəritələrin və məlumat kitablarının hazırlanması da vacibdir. Bu vəsaitlər müəyyən mövzuların öyrənilməsində əsas informasiya mənbəyi kimi çıxış edir.

Bu gün dünyanın əksər regionlarında, o cümlədən Azərbaycanda baş verən sosial-demoqrafik, ictimai-siyasi və iqtisadi proseslərin xəritələrdə əks etdirilməsi önəmlidir. Siyasi, həmçinin siyasi-inzibati xəritələrdə olan dəyişikliklər, coğrafi adların yenilənməsi və iqtisadi inkişafdakı irəliləyişlərin bu materiallarda əks olunması tədris prosesinin daha effektiv aparılmasına kömək edir.

Yeni nəşr edilmiş “Atlas” yüksək keyfiyyətlə işlənib, onun elektron bazası yenilənib. Son dövrlərdə Azərbaycanın siyasi-inzibati xəritəsində və iqtisadi inkişafında baş verən dəyişikliklər, iqtisadi rayonların sərhədlərinin yenidən müəyyənləşdirilməsi də xəritələrdə öz əksini tapıb.

“Atlas”ın redaksiya heyəti və rəyçiləri də təzələnib. Xəritələr toplusunun üzərində institutun direktoru professor Zakir Eminov, 175 nömrəli məktəbin coğrafiya müəllimi Aygün Əliyeva, Təhsil İnstitutunun böyük elmi işçisi Təranə İsmayılova, BDU-nun kafedra müdiri Saleh Nağıyev, Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayev işləyiblər. Rəyçilər - BDU-nun coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Coğrafiya İnstitutunun şöbə müdiri Solmaz Rzayeva və İlahə Kərimovadır.

Yeni nəşr edilmiş “Atlas” müəllimlər və şagirdlərin ondan istifadəsini asanlaşdıracaq. Həmçinin bu vəsait ali təhsil müəssisələrinin tələbələri üçün faydalı mənbə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin