Parkda tanış olmaq istədiyi qıza təpik vuran oğlana HÖKM OXUNDU

Hazırda oxunan: Parkda tanış olmaq istədiyi qıza təpik vuran oğlana HÖKM OXUNDU

210122

Paytaxtın Səbail rayonu ərazisində küçədə gənc qıza qarşı xuliqanlıq əməli törətmiş oğlan saxlanılıb. 

Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib. Polisə şikayət edən qız tanımadığı şəxsin onu izlədiyini və küçədə yaxınlaşaraq əl-qol hərəkətləri etdiyini, onu öpməyə çalışdığını bildirib. 

Müraciətdən bir neçə gün sonra polis əməkdaşları həmin şəxsin yerini müəyyən edərək onu saxlayıblar. Məlum olub ki, bu, Ağcabədi rayonunun kəndlərindən birinin sakini 1995-ci il təvəllüdlü F.Kərimovdur (şərti). 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. 

Məhkəmədə şikayətçi qız da iştirak edib. O, polis bölməsində verdiyi ifadəni təsdiq edib: 

"Həmin gün saat 20 radələrində bacımla Badamdardakı parkda idik. Bizim oturduğumuz skamyaya bir nəfər əyləşərək mənimlə tanış olmaq istədiyini bildirdi. Dəfələrlə ona tanış olmaq istəmədiyimi dedim. Evə doğru gedəndə yaşadığım küçənin yaxınlığında bir daha ona rədd cavabı verdim. O isə əl-qol ataraq məni öpməyə cəhd etdi. Mənim ayağıma təpik vuraraq uzaqlaşmaq istəyəndə polisə şikayət edəcəyimi söylədim. Telefonumu əlimdən alaraq sındıracağını dedi. Mən isə jurnalist olduğumu söylədim. O, sistem işçisi olduğunu bildirərək telefonumu qaytardı". 

Saxlanılan şəxs isə gənc qızın dediklərinin hamısının yalan olduğunu bildirib: 

"Mən sadəcə ona yaxınlaşaraq tanış olmaq istəmişəm". 

Səbail Rayon Məhkəməsinin qərarı ilə F.Kərimova 10 sutka inzibati həbs cəzası verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin