Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Canəli Nəbiyevin əmrini məhkəmə ləğv edib.
Bizim.Media “qaynarinfo”ya istinadən xəbər verir ki, xəstəxana direktoru keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri Nəsim Nəsibovu işdən çıxarıb.
6 iyun 2024-cü ildə baş həkimin sədrliyi ilə tibbi şuranın iclası keçirilib. İclasda Nəsim Nəsibovun fəaliyyəti qeyri-qənaətbəxş hesab edilib və Canəli Nəbiyevin əmri ilə vəzifəsindən azad olunub. O, cərrahiyyə şöbəsində həkim-uşaq cərrahı vəzifəsinə keçirilib.
Canəli Nəbiyevin əmrindən narazı qalan cərrah həkim Ağdam Rayon Məhkəməsinə şikayət verib.
O, iddia edib ki, 6 iyun 2024-cü il tarixdə tibbi şuranın iclası onun iştirakı və ümumiyyətlə xəbəri olmadan çağırılıb, özünün razılığı olmadan vəzifəsindən azad edilib. Onun fikrincə, barəsində qəbul edilmiş qərar ədalətsizdir, işinin dəyişdirilməsinə dair verilmiş əmr qanunsuzdur.
Direktor isə məhkəmədə izahat verərək cərrah həkimin iddia tələblərini qəbul etməyib. Canəli Nəbiyev xatırladıb ki, 14 may 2024-cü il tarixdən xəstəxanaya direktor təyin edilib. Həmin təyinatdan sonra xəstəxanada islahatlar aparmağa başlayıb, həmçinin xəstəxananın keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin fəaliyyəti ilə də tanış olub, komitənin fəaliyyətindən narazı qalıb. O, hesab edir ki, əmri qanuna müvafiqdir.
Məhkəmə Canəli Nəbiyevin əmri ləğv edib, Nəsim Nəsibovun vəzifəsinə işinə bərpa edilməsinə qərar verib.
Qeyd edək ki, Nəsim Nəsibov həmçinin 119 saylı Ağdam Dairə Seçki Komissiyasının 17 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri vəzifəsində çalışır.
Bizim.Media