“Qayınanaların əli ilə qurulan ailəni dağıtmaq daha çətindir” – Psixoloq

Hazırda oxunan: “Qayınanaların əli ilə qurulan ailəni dağıtmaq daha çətindir” – Psixoloq

Psixoloq Azərbaycanda qayınanaların əli ilə qurulan ailələrin daha çətində olduğunu, öz qərarlarını verə bilməyənlərin evliliyinin daha çox dağıldığını və evli cütlüklərin azad iradəyə sahib olmadıqlarını söyləyir.

209138

Azərbaycanda boşanmaların səbəblərindən biri də qayınanalar hesab olunur. Əsasən yeni evlənənlər valideynlərin ailə işlərinə çox qarışdığını, müstəqil qərar verə bilmədiklərindən şikayətlənirlər. Qayınana ilə yola gedə bilməmələri sevib ailə həyatı quran cütlükləri belə boşanmaya sürükləyə bilir. 

“Qayınanalar hər şeyə qərar verməyə maraqlıdırlar”

Psixoloq Əfsanə Rüstəmova Bizim.Media-ya qayınana ilə problemlərin yaşanmasının səbəblərindən danışıb. 

“Azərbaycanda qayınanaların əli ilə qurulan ailələri dağıtmaq daha çətindir, nəinki qayınanaların əli olmadan qurulan ailəni dağıtmaq. Bizim mentalitetimizdə ailədə qurucu tərəf həmişə qadın, yəni ana olur. Əgər siz fikir versəz, görərsiz ki, ananın qurduğu və düzəltdiyi heç nəyə ailənin digər üzvləri müdaxilə edə bilmir. Kişinin uşağını heç bir mənfəət gözləmədən qarnında daşıması qadına o üstünlüyü avtomatik bağışlayır. 

Analar övladlarının uşaqlıqdan bəri hər şeyinə qərar verirlər deyə evlənəndə də qərar vermə hüququna sahib olduqlarını düşünürlər. Amma əslində uşağın həyatının hər mərhələsində ananın rolu azalmalıdı ki, o, şəxsiyyət kimi formalaşıb özü öz qərarlarını verə bilsin. 

Amma bizim cəmiyyətdə belə deyil. Bizdə ana 30 yaşlı övladının səhər nə yeyəcəyinə qədər qərar verə bilir. Belə olduğu təqdirdə övlad evlilik yaşına çatanda da ana düşünür ki, söz sahibidir, bu günə qədər  hər şeyə o qərar verib, burda da o qərar verməlidir”. 

Öz qərarlarını verə bilməyənlər...

Əfsanə Rüstəmova deyir ki, evlilik yaşına çatana qədər hər şeyə ananın qərar verməsi iki nəticəyə gətirib çıxarır. 

“Ya bu vaxta qədər ananın dediklərini edən övlad yenə də anasının seçdiyi qızla evlənir, ya da bir yaşdan sonra övlad müşahidə edərək fərqinə varır ki, özü də öz qərarlarını verə bilər və anasına qarşı çıxıb sevdiyi qızla evlənir. Bu polemikanın yaşandığı ailələrdə evliliyin bir il ərzində  bitməsi 90 faizə bərabərdir. Ananın bilərək və ya bilməyərək etdiyi təzyiqlər dözülməz həddə olur. Amma fərqində olmadan müsbət cümlələr qursalar belə, verdikləri mesaj odur ki, “o sənə layiq deyil”, “sən ondan daha yaxşısına layiqsən”, “kaş bundansa dediyim filankəslə evlənərdin”, və beləliklə, analar evlilikdə yaranmış ilk çatda su sızıntısını saxlamaq əvəzinə, əlavə təzyiq edirlər. 

Zəif iradəli və bu günə qədər qərarlarını anası vermiş insanlar əlbəttə ki, orda düşünə bilmirlər ki, evlilikdə belə hallar ola bilər, bu çox normaldır, birazdan hər şey qaydasına düşəcək. Onlar düşünürlər ki, sən demə anam haqlı imiş. Və bu evliliyin qurtulma şansı çox aşağıdır”. 

Evlilik yaşına çatanları azyaşlı kimi danlayan analar

Psixoloqun sözlərinə görə, evli cütlüklərin azad iradəyə sahib ola bilməmələri boşanmaya gətirib çıxarır:

“Azərbaycanda, bizim kimi mentaliteti olan ölkələrdə valideynlər o zaman evliliyə müdaxilə edə bilir ki, şəxslər özləri azad iradəyə sahib deyillər. Özünün qərar verə biləcəyinin fərqinə varan övlad anasına qarşı çıxır, üsyan qaldırır. Bu isə anaların ən sevmədiyi üslubdur. Belə olanda isə analar artıq ona qarşı gəlindiyini, “cavab qaytarıldığını” düşünür.  Sanki azyaşlı övladını cəzalandırırmışcasına situasiyanı elə çevirə bilir ki, doğrudan da övlad etdiyi seçimin yanlış olduğuna inanır”.  

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin