Xalq qəhrəmanı Qaçaq Mayılın dəfn olunduğu türbə nə vaxt BƏRPA OLUNACAQ? – FOTO/VİDEO

Hazırda oxunan: Xalq qəhrəmanı Qaçaq Mayılın dəfn olunduğu türbə nə vaxt BƏRPA OLUNACAQ? – FOTO/VİDEO

Qaçaq Mayılın dəfn olunduğu Şeyx Əli Baba Türbəsi baxımsız vəziyyətdədir. 1813-cü ildə inşa olunduğu ehtimal edilən türbəyə ayaq basan kimi buranın nəzarətsiz olduğu hiss olunur. Şimal bölgəsindəki mədəniyyət abidələri ilə bağlı mühüm məlumatlar.

208819

Şimal bölgəsində qaçaq və xalq hərəkatının fəallarından olan Qaçaq Mayılın qəbri Şeyx Əli Baba Türbəsi baxımsız vəziyyətdədir. 1813-cü ildə inşa olunduğu ehtimal edilən türbəyə ayaq basan kimi buranın nəzarətsiz və baxımsız olduğu hiss olunur. Türbədə 18-ci əsrin din xadimlərindən olan Şeyx Əli Babanın qəbri ilə yanaşı, dövrünün məşhur xalq qəhrəmanı və qaçaq hərəkatının rəhbərlərindən biri olmuş Qacaq Mayılın( Mayıl Zahirov) qəbri var. 

Qaçaq Mayılın 2023-cü ildə 101 yaşında vəfat etmiş qızı Seyrə Zahirova da öz arzusuna əsasən atasının yanında dəfn edilib.

Qızı Seyrənin vəfatından sonra Qaçaq Mayılın irsi və həyatını araşdıran nəticəsi Elmar Hüseyn Bizim.Media-ya bildirib ki, ulu babası olan Qaçaq Mayıl Şeyx Əli Babanın törəmələrindəndir. Onların hər ikisi Şamaxının məşhur seyidlər ocağındandır.
 

MÖVZU İLƏ BAĞLI:

Mircəfər Bağırova təhsil verən Qaçaq Mayıl kimdir? – Aytəkin Alxaslının mağaradan REPORTAJI


Qaçaq öz vəsiyyətinə uyğun olaraq burada torpağa tapşırılıb.

Elmar Hüseyn deyir ki, Qaçaq Mayılı 1924-cü ildə düşmənləri Qubanın Cimi kəndindən qayıdarkən öldürüb. Sovet hökuməti, Qızıl Ordu və ermənilərə qarşı inadla vuruşan xalq qəhrəmanı ömrünün son anınadək onlara qarşı amansız olub. 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı Qaçaq Mayıl Qubanın Digah kəndində indi "Qanlı dərə"adlanan yerdə dostu Ləzgi Əhməd və 2 türk topu ilə erməni vandallarının qarşısını kəsənlərdən olub və onlara irəli getməyə imkan verməyib.



Müşahidələrimiz zamanı, Qaçaq Mayılın qəbirüstü abidəsində güllə izlərinə də rast gəldik. Özü kimi Mayılın qəbri də həmişə düşmənlərinin hədəfində olub. Mərhum qızı Seyrə Zahirova atasının xatirəsini əziz tutaraq burada abadlıq işləri görüb, türbəni təmir etdirib, pilləkən və məhəccərləri tikdirib. Onun vəfatından sonra bu işləri davam etdirən nəvəsi Elmar Hüseyn isə türbəni tam bərpa etməyə və mühafizə etməyə imkanının olmadığını deyir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası Xidmətinin mətbuat katibi Fariz Hüseynli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Şeyx Əli Baba türbəsi daşınmaz tarix-mədəniyyət abidələrinin 2001-ci ildə təsdiq olunmuş siyahısına salınmayıb.



Hazırda həmin siyahının yenilənməsi istiqamətində işlər aparılır:

"Ölkə ərazisində yerləşən və və qeyd olunan siyahıya daxil edilməyən tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlərin müəyyən edilərək abidə statusunun verilməsi üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həyata keçirilən işlər nəticəsində Quba rayonunda yerləşən Şeyx Əli Baba türbəsinin də tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsi nəzərdən keçiriləcək".










 Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin