Məhkum: "Dedi ki, mən adamyeyənəm, 20 nəfərin siyahısını ver" - FOTO

Hazırda oxunan: Məhkum: "Dedi ki, mən adamyeyənəm, 20 nəfərin siyahısını ver" - FOTO

208104

Ötən ilin noyabrında Xaçmaz rayonu Xudat şəhərində 36 yaşlı Samir Alxasovun qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevə hökm oxunub. O, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinib.

Qeyd edilib ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub. O.Nəsrullayev məhkəmədəki ifadəsində Samiri öldürmədiyini, onun hələ sağ olduğunu və Xudatda yaşadığını iddia edib. O, Samirin manyak olduğunu və insanları kəsib ətlərini yemək istədiyini deyib:

"Hadisə baş verən gün dostum Salamatla görüşmüşdüm, onunla birlikdə şərab aldım, daha sonra Salamat yerdə qalan pulla çörək almaq üçün getdi. Onu gözləyəndə Samir əlində bir butulka çaxırla yaxınlaşdı. Bir yerdə çaxır içib söhbət etdik. Bir az sonra mən getmək istəyəndə Samir arxadan səslənərək mənimlə söhbəti olduğunu bildirdi.

Söhbət edərkən Samir mənə adamyeyən olduğunu dedi, ona 20 nəfərin adının olduğu siyahı verməyimi, qarşılığında mənə pul verəcəyini söylədi. Mən ona bir nəfər vəzifəli şəxsin adını dedim. Lakin Samir israrla daha 19 nəfər adamın adını ona siyahı şəklində verməyimi tələb edirdi və aramızda dava-dalaş oldu, lakin mən onu öldürməmişəm. Samir hələ də Xudatda içki içib gəzir, o ölməyib. Mən Samirə ancaq yumruq-təpik vurmuşam, bıçaqla və mişar daşı ilə vurmamışam".

Məhkəmə O.Nəsrulayevin ifadəsini ciddi qəbul etməyib və onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Həmin ifadədə Oruc Samiri necə öldürməsini təsvir edib.

O da məlum olub ki, hər iki şəxs spirtli içki aludəçisi olub və onlar əvvəllər məhkumluq həyatı yaşayıblar. Samir Alxasov əvvəllər qaynı tərəfindən döyülməsi ilə də mətbuatın gündəminə gəlib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Oruc Nəsrullayevə 18 il 6 ay həbs cəzası verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin