Əksər insanlar gələcəyi bilmək və qarşılaşacaqları hadisələrə özlərini hazırlamaq istəyirlər. Psixoloji olaraq gələcəklə bağlı narahat olan insanlar qeyri-müəyyənlik hisslərini azaltmaq və başlarına nə gələcəyini bilmək arzusunda olurlar. Bu hiss və istəkləri ilə batil işlərə əl atan insanlar, naməlum görünən gələcək haqqında fikir sahibi ola biləcəklərini düşünürlər.
Toy günü gəlinin boşqab sındırmaqla hökmlü olmasını göstərməsi, qızın qucağına oğlan uşağının verilməsi, gecə vaxtlarında zibil atmaq, həyət süpürmək olmaz, süfrəyə dağılan duzun üzərinə həmin an qənd qoyulmasa dava düşər, yeni evə girdikdə sağ ayaqla girilməsi, anidən stəkan qırılarsa kiminsə nəzəri var, qarşıdan qara pişik keçərsə, işlər yolunda getməz, 13 rəqəminin nəhs olması, tək səbr-cüt səbr kimi çox misallar göstərmək olar. Belə ənənələr nəsildən-nəsilə ötürülərək bu gün də davam etməkdədir.
Bəs İslam dini bu kimi inanclarla bağlı nə deyir? Ümumiyyətlə, bu inancların həyata keçmə mümkünlüyü nə qədərdir?
İlahiyyatçı Tural İrfan Bizim.Media-ya bildirib ki, İslam dinindən əvvəl babalarımız xristianlığa, ondan əvvəl atəşpərəstliyə, ondan əvvəl şamanizm və bütpərəstliyə inanırdılar:
“Sonda müsəlman olsalar da, keçmiş dinlərindən qalan inancların da bəzilərini tərk etmədilər. Şam yandırmaq xristianlıqdan, oddan atlanmaq, oda and içmək, atəşpərəstlikdən, ağaca əski bağlamaq, bəzi ağacları müqəddəs saymaq şamanizdən, pirlərə, ölülərə, qəbirlərə pərəstiş isə bütpərəstlikdən qaldı.
Bəzən də xalqın el inancı, el sınaqları bu işə təkan verdi. Bu, dinin stabil olmadığı zamanda, yaxud normal maarifləndirmə, təbliğ olmadığı dövrdə boşluqdan özünə yer tapmış adətlərdir. 13 rəqəmi əsasən bəd sayılır, Azərbaycanda hər rayonun öz seriyası olduğu halda, 13 nömrəli maşın seriyası yoxdur, 12-dən 14-ə keçir. Bəzi ölkələrdə 13 saylı otel nömrəsi də yoxdur. Çünki heç kəs o nömrədə qalmaq istəmir. Bu, bir inancdır. Qara pişik qarşıdan keçəndə guya işlər bəd gətirir. Belə şeylər dinsiz cəmiyyətdə dini əvəz edən xurafatlardır. Nə elmi, nə də dini əsası yoxdur.
İslam dini Allaha inamı təbliğ edir və təsadüflərə inanmır
Allahın təqdiri və insanın əməlləri meydana gətirir olayları. Pişik və ya 13 rəqəmi insana heç bir ziyan verə bilməz. Əgər insan inanıb özünü bədgümanlığa düçar edərsə onda psixoloji cəhətdən özünü kökləyir və həqiqətən də başına bəd hadisə gəlir, bunu da pişiklərlə, ya da 13 rəqəmi ilə əsaslandırır. İmam Əlinin xilafəti dövründə o bir döyüş səfərinə çıxarkən bir münəccim hətta onun atının yüyənindən tutub yalvarır ki, getmə bu səfərə, ulduzlar bəd göstərir, nəhs görünür sənin səfərin...
Lakin İmam Əli Allahın təqdirini və insanın əməyini əsas gətirərək ulduzun insanın işlərinə heç bir təsir götürməyəcəyini deyir və səfərə davam edir. Nəticədə səfər müsbət nəticələnir və məqsədə nail olunur. Buradan da görünür ki, bəzi inanclar xurafat və mövhumata əsaslanır, heç bir təsiri yoxdur. Əgər hansısa bəd hadisə baş verirsə, bu da insanların özlərini psixoloji cəhətdən bədgüman edərək mənfi enerji ilə yükləmələridir.
Hər ayın 13-də o qədər nailiyyət əldə edən, xeyir tapanlar var ki...
Əgər 13 rəqəmi bəd olsa idi, onda gərək hər küçədə, hər binada 13 saylı evdə yaşayanların hamısı bədbəxt olsun. Lakin belə bir fakt yoxdur. Demək hamısı xurafat, cəhalətdir. Təəssüf ki, indi bəzi din xadimləri də cahil kütləni ələ almaq üçün belə xurafatları dinə calayıb, sanki dinin tərkibi imiş kimi təbliğ edirlər. Ancaq bu kimi şeylər dinə, elmə, təcrübəyə, xalqımızın sağlam, mötədil etiqadına ziddir”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 24.08.2024
13 rəqəminin uğursuzluğu, qara pişiyin “bədbəxtlik gətirməsi... – Batil inanclar nədən QAYNAQLANIR?
Hazırda oxunan: 13 rəqəminin uğursuzluğu, qara pişiyin “bədbəxtlik gətirməsi... – Batil inanclar nədən QAYNAQLANIR?
Hazırda oxunan: 13 rəqəminin uğursuzluğu, qara pişiyin “bədbəxtlik gətirməsi... – Batil inanclar nədən QAYNAQLANIR?
13 rəqəminin uğursuzluğu, qara pişiyin bədbəxtlik gətirməsi, batil inanclar nədən qaynaqlanır? İslam dinində bu məsələlərə baxış nədir? Bir müxtəlif mövzuda məlumat almaq üçün məqaləmizi oxuyun.
208042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.