Sahil Tahirli: “NTV-nin peyk üzərindən bütün dünyaya yayımlanması üçün ilkin hüquqi əsas yaradılıb”

Hazırda oxunan: Sahil Tahirli: “NTV-nin peyk üzərindən bütün dünyaya yayımlanması üçün ilkin hüquqi əsas yaradılıb”

206838

Prezident İlham Əliyevin avqustun 15-də imzaladığı Fərmanla “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı kimi, “Naxçıvan Radiosu” isə radio yayımçısı kimi audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına daxil edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı report.az-a açıqlama verən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Sahil Tahirli bildirib ki, Prezident İlham Əliyevin Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının - qurumlarının siyahısında dəyişiklik edilməsi haqqında imzaladığı Fərman dövlət başçısı tərəfindən ölkədə uğurla həyata keçirilən media islahatlarının davamıdır.

S.Tahirlinin sözlərinə görə, bu, 100 ilə yaxın yaşı olan Naxçıvan teleradiosunun həyatında mütərəqqi hadisə, region mediasının inkişafına göstərilən yüksək diqqət və qayğının təzahürüdür:

“Bununla da yaxın aylarda NTV-nin peyk üzərindən bütün dünyaya yayımlanması üçün ilkin hüquqi əsas yaradıldı. Göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına bütün kollektivimiz və tamaşaçılarımız adından dərin minnətdarlığımı bildirirəm”.

O qeyd edib ki, 1930-cu ildə yaradılan Naxçıvan Radiosu, 1963-cü ildən fəaliyyətə başlayan Naxçıvan televiziyası çox dəyərli ziyalılar, elm və incəsənət xadimləri yetişdirib:

“Bu maarif və mədəniyyət məbədinin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu və böyük xidmətləri var. Ötən əsrin 90-cı illərində həm Naxçıvanın, həm də Heydər Əliyevin haqq səsini dünyaya çatdıran əsas media qurumu məhz Naxçıvan televiziyası olub. Ümummilli Liderin Naxçıvanda Ali Məclisin sədri işlədiyi vaxtlarda çəkilən qiymətli kadırlar, videolentlər bu gün Naxçıvan Televiziyasının arxivində qorunub saxlanılır. O cümlədən, Naxçıvan Muxtar Respublikasının müstəqillik illərində keçdiyi ağır, mübarizələrlə dolu yolun salnaməsi də məhz Naxçıvan Televiziyasının əmakdaşlarının iştirakı ilə tarix səhifələrinə yazılıb”.

Sahil Tahirli bildirib ki, gündəlik on yeddi saat yayımlanan NTV bu gün də maarifçilik, milli-mədəni dəyərlərin, Azərbaycan tarixinin təbliğində fəal iştirik edir. Bu fəaliyyət çərçivəsində NTV dövlət başçısının uğurla reallaşdırdığı sosial-iqtisadi islahatlara, ölkənin və cəmiyyətin inkişafına, vətənpərvərlik hisslərinin yüksəldilməsinə adekvat proqram siyasəti həyata keçirir.

Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin