Salyanda Riyad Əhmədovun silahdaşı DƏFN EDİLƏCƏK - FOTO

Hazırda oxunan: Salyanda Riyad Əhmədovun silahdaşı DƏFN EDİLƏCƏK - FOTO

206682

1992-ci il ilin Daşaltı əməliyyatı zamanı itkin düşən Yarıyev Qənbər Teymur oğlunun aşkar edilmiş nəşinin qalıqları dəfn edilmək üçün Salyana gətiriləcək. 

Bizim.Media xəbər verir ki, 1966-cı ildə Salyan şəhərində doğulmuş şəhid Qənbər Yarıyev Əfqanıstan müharibəsi iştirakçısı da olub. 

Ailədə 6 övladdan biri olan Qənbər könüllü olaraq Qarabağ döyüşlərinə yollanıb. O, məşhur komandan və Milli Qəhrəman Riyad Əhmədovla birgə Daşaltı döyüşlərində iştirak edib. Daşaltı əməliyyatı uğursuz olduğundan kifayət qədər itki baş verir. 

Qeyri-bərabər döyüşdə Riyad Əhmədovla birgə son ana qədər vuruşan və düşmənə baş əyməyərək şəhid olan 11 nəfərdən biri də məhz Qənbər Yarıyev olub. 

Şəhidin qardaşı Cahangir Yarıyev Bizim.Media-nın Cənub bürosuna bildirib ki, Qənbər ailənin etirazına baxmayaraq, cəbhə xəttinə yola düşüb. Daşaltı döyüşündə Qənbərin bacısının həyat yoldaşı da itkin düşüb. Eyni zamanda Yarıyev qardaşlarından olan Natiq də Birinci Qarabağ müharibəsinn qazisidir. 
 

Hazırda Qənbərin adını əri itkin düşən bacısının nəvəsi daşıyır. Cahangir Yarıyev qardaşının itkin düşdüyü illərdə valideynlərinin bu dünyadan nisgilli getdiyini vurğulayaraq, dəfnin sabah saat 14.00-da Salyan Şəhidlər Xiyabanında baş tutacağını bildirib.


Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayaraq Şuşa yaxınlığında Daşaltıda kütləvi məzarlıqda aşkarlanmış daha 7 şəhidin nəşinin ailələrinə təhvil veriləcəyini bəyan edib.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin