BİZİM TƏQVİM: 14 avqustda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 14 avqustda baş vermiş tarixi hadisələr

206478

2013-cü ilin bu günündə Şəkidə “Şəki Xanlarının evi” yenidənqurmadan sonra açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. 

Bəs, avqustun 14-də dünyada daha hansı hadisələr baş verib?

1.  1945-ci ildə İkinci Dünya müharibəsində İmperator Hiroxito Yaponiyanın qeyd-şərtsiz təslim olduğunu açıqlayıb. Avqustun 6-da ABŞ Xirosimaya atom bombası atmış, nəticədə 100 mindən çox adam həlak olmuşdu. Avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan etmişdi. Bundan bir gün sonra ABŞ-ın Naqasakiyə atdığı atom bombası 36 mindən çox insanın həyatına son qoymuşdu. Avqustun 14-də Yaponiya İmperatoru Hiroxito qeyd-şərtsiz təslim olduğunu bəyan etmiş, sentyabrın 2-də isə Tokioda ABŞ-ın “Missuri” gəmisinin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzalamışdılar.

2. 14 avqust Pakistanın İstiqlaliyyət günüdür. İkinci Dünya Müharibəsindən sonra Hindistanın müstəqillik tələblərinə daha çox müqavimət göstərə bilməyən İngiltərə 1947-ci ilin 14 avqustunda qərar verdi. Hindistan Müsəlman Birliyinin başçısı Məhəmməd Əli Cinnah və Konqres Partiyasının sədri Pandit Nehrunun “İngiltərə planı”nı qəbul etməsilə ölkə Hindistan və Pakistan adları ilə ikiyə bölündü.  Pakistan inzibati ərazi bölgüsü cəhətdən ən ziddiyyətli ölkələrdən biridir.
 

1971-ci ildə Şərqi Pakistan əyaləti müstəqil dövlətə çevrilərək Banqladeş Xalq Respublikası olub. Cammu və Kəşmir bölgələri isə Pakistanla Hindistan arasında bugünədək münaqişə ocağıdır. Asiyanın bu ölkəsi – Pakistan 1947-ci ilin bu günü müstəqilliyini qazansa da, 1956-cı ilə qədər Britaniya Birliyinin üzvü olub, 1972-ci ildə birlik tərkibindən çıxıb.


3.  İngiltərə və Yunanıstan arasında diplomatik görüşlər nəticə verməyincə 14 avqust 1974-cü il Türkiyə Ordusu Qıbrız (Kipr) Barış Hərəkatının ikinci mərhələsinə keçdi və paytaxt Lefkoşaya girdi.

4.  İsrail - Hizbullah Müharibəsi 2006-cı ilin 14 avqust atəşkəs müqaviləsilə sona çatdı. Livan ordusu və BMT Sülh Qüvvələri İsrail ordusunun çəkildiyi cənubi Livana yerləşdirildi.

14 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Tanınmış ingilis yazıçısı, Nobel Ədəbiyyat Mükafatı laureatı Con Qolsuorsi 1867-ci ilin bu günü anadan olub.

2. Azərbaycanın ilk kino aktrisalarından olan Əzizə Məmmədova 1892-ci il 14 avqustda Tiflisdə dünyaya gəlib. (1892-1961)

3. Azərbaycanda ədəbi tənqid tarixinin yaradılması və təşəkkülünün yaradıcısı, görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadə 1923-cü ilin bu günü anadan olub. 

4. 14 avqust 1933-ci ildə şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə populyar mahnılar bəstələnib.

5. 14 avqust 1940-ci ildə yazıçı-tərcüməçi, kino təşkilatçısı Asif Əliyev (1940-2001) anadan olub. “Azərbaycanfilm”də dublyaj şöbəsinin baş redaktoru işləyib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin