“Açıq havada koronavirusa yoluxma baş vermir” - deyib arxayınlaşmayın.
Yaydan fərqli olaraq qışda açıq havada da insanların əhatəsində yoluxmaq olur. Bunu Bizim.Media-ya müsahibəsində infeksionist Mərdan Əliyev deyib.
Həkim bildirir ki, günəşin aktivliyinin azalması xəstəliyin artmasına təsir edir: “Yayda günəşin ultrabənövşəyi şüaları çox olur. Virusu qurudub öldürür. Ona görə də açıq havada deyil, günəş işığı düşməyən qapalı yerlərdə yoluxma müşahidə olunur”.
“Qışda isə açıq havada da insanların sıx yerində yoluxma baş verir. Ona görə də qışda açıq havada maska taxmaq lazımdır”.
Həkim qeyd edir ki, karantin qaydalarına nəzarət gücləndirilməsə yoluxma sayında azalma olmayacaq:
“Cəzalar sərtləşməlidir, cərimələr artırılmalıdır. Kütləvi toplaşmalar olan yerlərə ciddi nəzarət olunmalıdır. İnsanların daha sıx olduğu ictimai nəqliyyatda marşrutlararası intervalları azaltmaq, avtobusların sayını artırmaq lazımdır”.
“Məlumdur ki, yaşlı insanlar yüksək risk qrupuna aiddirlər. Pensiyaçıların növbəyə toplaşdığı bankomatların qarşısı təhlükə mənbəyidir."
İctimai qınağın əhəmiyyətini qeyd edən həkim bildirir ki, insanlar maskasızlara, eləcə də düzgün taxmayanlara qarşı tənqidi yanaşmalıdırlar:
“Nəzərə almaq lazımdır ki, maska taxmaq yoluxmanın qarşısını 97% ala bilir”.
Təranə Mirzəyeva