Şəki və Qaxın su problemini həll edəcək Əyriçay su anbarında işlər nə yerdədir? – REPORTAJ/FOTO

Hazırda oxunan: Şəki və Qaxın su problemini həll edəcək Əyriçay su anbarında işlər nə yerdədir? – REPORTAJ/FOTO

205845

Hələ SSRİ dövründə inşa edilən ən iri layihələrdən biri də Şəki rayonu ərazisində yerləşən Əyriçay su anbarı idi. Bu anbar Şəki və Qax rayonlarında su ehtiyatlarının yaradılması, dəmyə torpaqların suvarılması məqsədi ilə inşa olunub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həcminə görə Şəmkir və Viləşçay su anbarlarından sonra Şəkidəki Əyriçay su anbarı ən iri, bölgədə isə ilk meqa layihə sayılır. İnşası iki mərhələdə nəzərdə tutulsa da, ancaq birincisi tamamlanıb. 

Günümüzdə sututarlara nə qədər ehtiyac yarandığı hər kəsə bəllidir. 

Eyni zamanda Şəki və Qax rayonlarında dəmyə, suvarılmayan min hektarlarla torpaqlar var ki, fermerlər ondan səmərəli istifadə edə bilmir. Bu halda Əyriçay su anbarının ikinci mərhələsinin də bərpası gündəmə gəlir. 

Əməkdaşımız bu günlərdə Əyriçay su anbarında olub, onun tikintisini həyata keçirən və uzun illər istismarında çalışan mütəxəssislə görüşüb, layihənin prespektivləri ilə maraqlanıb. 


Yol yoldaşımız anbarın bünövrəsindən istismara verilənə kimi, daha sonra uzun illər bu sahəyə rəhbərlik edən Vəli Cəbrayılovdur.  

Vəli müəllim ixtisasca mühəndis-hidrotexnikdir və hazırda təqaüddədir. Anbarın terasına çatan andaca Vəli müəllim bir xeyli xəyala dalır. Dinməz-söyləməz müşahidələr aparır.

Daha sonra bizə tərəf dönərək deyir:  

“31 yaşımda Əyriçay su anbarında baş mühəndis təyin olundum. 40 ilə yaxın, 9 il tikintisində, qalan illərdə istismar sahəsində işlədim. Artıq təqaüdə çıxmışam. Vaxtaşırı gəlib kollektivlə görüşür, bəndin üzərində gəzirəm”.


Təqaüddə olan mühəndis-hidrotexnik Vəli Cəbrayılovun ömrünün 40 ildən çoxu bu su anbarı ilə bağlıdır. Dediyi kimi, burada quraşdırılan, inşa edilən hər bir detalın ölçüsünü, çəkisini belə unutmayıb. 31 yaşlı gəncin ümumittifaq layihəsinə baş mühəndis təyin edilməsi o zaman üçün böyük etimad sayılırdı. 

- Bəs layihənin əhəmiyyəti nədən ibarət idi?  

“Ölkəmizdə su ehtiyatlarının yaradılması istiqamətində bir sıra layihələr həyata keçirilirdi. Şəmkir və Viləşçayda bu istiqamətdə işlər görülmüşdü. Azərbaycanın ən iri aqrar rayonlarından olan Şəki və Qax üçün də belə bir anbarın inşası zərurəti yarandı. Bu layihənin icrasına ötən əsrin 70-ci illərinin sonlarında start verildi. Layihənin əsas məqsədi Şəki və Qax rayonlarında əkin sahələrinin suvarılmasını təmin etmək idi” - deyən Vəi müəllim onu da qeyd edir ki, bu layihənin Moskvada təsdiq edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Rayonun Qudula, Babaratma, Qaradağlı və Küdürlü kəndlərinin 1200 hektar ərazisini əhatə edən su anbarının birinci mərhələ üçün su tutumu 47 milyon kubmetr idi. Mühəndis -hidrotexnik Vəli Cəbrayılov bildirir ki, işlər yüksək keyfiyyət və bütün standartlara uyğun həyata keçirilib.


Üzərindən illər keçməsinə baxmayaraq, bu gün də anbarda heç bir nöqsan mövcud deyil: 

“80-ci illərin əvvəllərində respublikada hidrotexniki qurğuların, su anbarlarının tikintisinə geniş vüsət verilmişdi ki, bunların da içərisində Əyriçay su anbarı öz yerini tutmuşdu. Su anbarının tikintisi Şəki və Qax rayonlarının dəmyə torpaqlarının suvarılmasında çox böyük əhəmiyyət kəsb edəsi bir qurğu kimi layihələndirilib. Və biz o qurğunun tikintisini, birinci kompleksini başa çatdırdıq. Lakin maddi vəsait olmadığından tikintini tamamlaya bilmədik”, - deyir.

Təcrübəli mühəndis-hidrotexnik anbarın qidalandığı çaylarla bağlı danışarkən bir vacib məsələyə də diqqət yetirməyi vacib hesab edir. 

Belə ki, su anbarı üç mənbədən - Şin, Kiş və Əyriçaydan qidalanır. 

Bunlar da küllü miqdarda köçüntü gətirdiyindən anbarda lil təbəqəsi yaranır. Mütəxəssislərin hesablamalarına gör,ə il ərazində su anbarına 1 milyon 300 min kubmetr həcmində lil yığılır. Bu isə anbarın faydalılıq həcmini kifayət qədər azaldır.

Mütəxəssis bildirir ki, yaxınlıqdakı iki kənd köçürülsə, anbarın su tutarlılığını iki dəfə artırmaq və bununla da 18 min hektara yaxın ərazini suvarma suyu ilə təmin etmək mümkündür. Bu isə ilk növbədə bölgədə bostan-tərəvəz istərsə ərzaq təhlükəsizliyinə müsbət təsir edəcək.   


“Su ehtiyatlarının yaradılmasına respublikanın bütün ərazisində ehtiyac olduğu kimi Şəki və Qax rayon ərazilərində də belə anbarların təşkili çox vacibdir. Belə ki, həmin rayonların əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Əyriçay su anbarı geniş imkanlara malikdir. Layihə səviyyəsinə çatdırılsa, 80 milyon kubmetr həcmində su toplamaq olar”, - deyən mütəxəssis təqüddə olmasına baxmayaraq bu işlərə başlanılsa, kömək etməyə hazır olduğunu bildirib.

Vəli müəllim bildirir ki, layihənin bərpası ilk növbədə Şəki və Qax rayonlarında sakinlərin bütün kənd təsərrüfatı bitkilərinin əkininə stimul verəcək. Digər mühüm məsələ Qaxın Ağyazı ərazisində fəaliyyət göstərən aqroparkın su təminatını yaxşılaşdıra və onun istehsal sahələrinin şaxələndirilməsinə təkan verə bilər. Ən vacib məsələ su anbarının lildən təmizlənməsi, həcminin artırılması yanğın hadisələri zamanı helikopterlərin daha yaxın ərazidən su götürməsinə və yanğını qabaqlamaqda mühüm rol oynaya bilər. 

Bəs layihənin növbəti mərhələsi ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinin hədəfləri nələrdir? 

Məsələ ilə əlqədar Su Ehtiyatları Agentliyindən bildirilib ki, Əyriçay Su anbarının ikinci mərhələsi üzrə tikinti işlərinin aparılması üçün layihə işləri artıq yekunlaşmaq üzrədir . Tikinti işləri tam başa çatandan sonra anbarın tam həcmi 80.6 milyon kub metr olacaq. Ümumilikdə 16 min 818 hektar əkin sahəsinə xidmət edəcək.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin