Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonunun Ramana qəsəbəsində və Qaradağ rayonunun “Ümid” qəsəbəsində daha 40 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.
Mənzillərin sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev təqdim ediblər.
MÖVZU İLƏ BAĞLI:
Şəhid ailələri ilə bağlı mühüm XƏBƏR
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, V.Behbudov ötən illərdə 8 may gününün Şuşanın işğalı günü kimi kədərlə xatırlandığını, ötən ilin payızında isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımızın, o cümlədən doğma Şuşanın işğaldan azad edildiyini bildirib.
O qeyd edib ki, mənzillər təqdim olunanlar sırasında Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri ilə yanaşı, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, eyni zamanda, müharibə əlilləri də var.
Mənzillərin təqdim olunması mərasimində bildirilib ki, Prezident İlham Əliyevin 2021-ci il yanvarın 25-də imzaladığı Sərəncama əsasən 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək.
Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 370 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara verilib. Ümumilikdə indiyədək həmin kateqoriyadan olanlara 9570 mənzil və fərdi ev təqdim olunub.
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyd edib ki, şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinin sosial problemlərinin həlli dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Onların mənzillə, fərdi evlə təminatı istiqamətində atılan davamlı addımlar hər kəsi sevindirir.
Şəhid ailələrinin üzvləri, müharibə əlilləri daim hiss etdikləri xüsusi qayğıya, bu gün isə yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Bizim.Media