Göz xəstəliyi olanların NƏZƏRİNƏ – Hansı linzalardan istifadə TƏHLÜKƏLİDİR?

Hazırda oxunan: Göz xəstəliyi olanların NƏZƏRİNƏ – Hansı linzalardan istifadə TƏHLÜKƏLİDİR?

Göz xəstəliyi olanların NƏZƏRİNƏ – Hansı linzalardan istifadə TƏHLÜKƏLİDİR? Optik və rəngli linzaların təhlükələri barədə məlumat.

205360

Bəzən gözündə zəiflik olan şəxslərə optik linzalardan istifadə məsləhət görülür. Yaxud bir çox insan linzalardan göz rəngini istəyinə görə dəyişdirmək üçün istifadə edir. Ancaq bu hallarda linzadan istifadə edənlərin diqqət etməli olduqları məqamlar var.

Aylin Ələkbərzadə (ad şərtidir ) də rəngli linza istifadəçilərindən biridir.

Bizim.Media-ya açıqlamasında müsahib bildirib ki, 7 ildən çoxdur ki, istifadə etdiyi linzadan görmə zəifliyi yaranıb.

“Ancaq özümə yaraşdırdığım üçün hələ də linzadan istifadə etməyə davam edirəm. Linzalarımı aptekdən yox, ucuz qiymətə satan bir yerdən alıram. Linzanı taxanda və çıxaranda əllərimin təmiz olmasına diqqət  etsəm də, makiyajım bəzən dəydiyi üçün adi su və linzanın öz suyu ilə təmizləyirəm”.

Bəs bu sahə həkimləri linzadan istifadəni məsləhət görür?

Mövzu ilə bağlı saytımıza açıqlama verən oftalmoloq Qurban İsmayılov linzaların istifadə qaydaları, optik linzaların nə vaxt taxılmasıyla bağlı fikirlərini bölüşüb:

“Linzalar kosmetik və optik olaraq iki yerə ayrılır. Kosmetik linzalardan daha çox xanımlar istifadə edir. Optik linzalar mono, astiqmatik, torik kimi qruplara bölünür”.

Rəngli linzalardan istifadə etmək olmaz?

“Əgər xəstənin gözündə quru göz və yaxud buynuz qişanın üzərində hər hansı bir xəstəlik varsa, rəngli linzaların istifadəsi məsləhət edilmir. Çünki xəstənin korneası  incədirsə, burada keratokonus xəstəliyi, quru göz sindromu varsa, gözdəki buynuz qişanın tamlığını pozacaq. Bu da keratitlərin, infeksiyaların  yaranmasına səbəb ola bilər”.

Həkim linzalar taxılan zaman aseptika və antiseptika qaydalarına da əməl etməyin vacibliyini qeyd edib:

“Yəni əllər yuyulmalı, linzanın qabı təmiz olmalı, mayesi tez-tez dəyişdirilməlidir”.

Optik linzalar nə vaxt taxılır?

“İlk növbədə refraksiyaların fərqi böyük olan zaman, məsələn gözün birində 1, digərində isə 5 olarsa,  optik linzanın taxılması mütləqdir. Çünki bu zaman xəstədə baş ağrısı, narahatlıq yaranacaq və yaxud  əgər xəstə etetik kosmetik əməliyyat keçiribsə, buna görə eynək taxa bilmirsə, istəyinə uyğun olaraq optik linza taxıla bilər” .

Qurban İsmayılov onu da əlavə edib ki, bütün linzalar normal olaraq apteklərdə satılmalı və istər optik, istərsə də rəngli linzalar həkim  göstərişi, məsləhətiylə taxılmalıdır.

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin