“Azərbaycan” nəşriyyatının ağası-bəyi - Çap xarabalığının PƏRDƏARXASI

Hazırda oxunan: “Azərbaycan” nəşriyyatının ağası-bəyi - Çap xarabalığının PƏRDƏARXASI

20512

"Azərbaycan" Nəşriyyatı Mətbuat prospektində yerləşir. Elə müasir Azərbaycan qəzetçilərinin əksəriyyəti bir zamanlar orada yetişib. Onların bir qismi üslub və iş yerlərini dəyişsə də, nəşriyyatın binası yenə köhnədir.

Bizim.Media xəbər verir ki, "Azərbaycan" Nəşriyyatının binası çöldən köhnə "xruşşovka"ları xatırlatsa da, içi bombardmandan sonrakı Hələbə bənzəyir. 
 

Binanın daxilindəki mənzərəni ən mədəni formada belə təsvir etmək olar: Nasaz lift, çirkli dəhliz və üfunət. Nəşriyyatın dəhlizindəki döşəmələr sınıq-salxaq, divarlar siqaret kötüyü ilə dolu külqabı hisindədir. İyrənc mənzərinin də elə çirkin havası var ki, insan nəfəs almağa da çəkinir.


Əfsus ki, nəşriyyat yenilənib yox, iylənib gerçəyi var.

"Balıq başdan iylənər"

Nəşriyyatın başında illərdir ki, Ağabəy Əsgərov dayanıb. Onun idarəçiliyi sayəsində oradakı qələm tutanların çoxu kalkulyatorla fırlanır ki, reketçiliklə "qazandıqları" pulların hesab-kitabını aparsınlar. Ağabəy Əsgərov elə direktordur ki, adına internetdə axtarış verəndə onun haqda məlumat tapılmır. Əksinə, qanunsuzluqda ittiham dolu yazılar çıxır. Ağsaqqallar demişkən, bu elə bir şöhrətdir ki, adam öz evində də öyünə bilmir. 

Yeri gəlmişkən, bir zamanlar Ağabəyin ağsaqqalı Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov sayılırdı. Çap evinin direktoru da böyüyünə hörmət kimi, nəşriyyatın bir hissəsini Əli Həsənova hədiyyə etmişdi. Dövlətin daxili ünsürlər tərəfindən işğalına Ağabəy Əsgərov bu açıqlama ilə cavab verib:
 

"Məgər nəşriyyatın binası mənim dədəmin, babamındır ki, onu kiməsə verim? O vaxtı dövlət tərəfindən elə məsələhət olub və nəşriyyatın ərazisindən Əli Həsənova yer verilib. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib".


Bəs Əli Həsənov nə əcəb tikdiyi "ev"ə ayrılan pulun yarısı ilə nəşriyyatı təmir elətdirmədi? Mətbuatdakı suallardan digəri də belədir ki, "Nəşriyyata ayrılan pullar hara xərclənir? Kağız alverçilərin yeyintisi yenilmir"

Əli getdi, Vəli gəl(mə)di..

2 il öncəyə qədər nəşriyyatdakı yiyəsizliyin yiyəsi Əli Həsənov idisə, Ağabəy Əsgərovun nəşriyyatı çürük piştaxtalı bazara çevirməsini indi kim dəstəkləyir?
 

Elm, xəbər dərcinin mənbəyində Elmlər Akademiyasının əlinin olduğunu deyənlər də var. Deyilənə görə, Ağabəy Əsgərovun fəaliyyətsizliyini ört-basdır edən bəzi qüvvələr bu unudulmuş məkanı gözə soxmamağa çalışırlar.


Yüzlərlə jurnalistin oturduğu yeri... Düzdür, onların əhəmiyyətli əksəriyyəti jurnalist sözünün heç bir hərfinə də dəxli olmayan həriflərdir. Amma tay bu qədər də yox!!! Gül kimi lokasiya olunmuş binadır...

Əgər normal hala gətirilsə, çox yaxşı mətbuat ofisinə çevrilər və qəpik-quruşla çabalayan mətbu orqanlar da yığışıb oturar öz “xarabasında”. İndiliksə "Azərbaycan" Nəşriyyatındakı vəziyyət hamıya məlumdur. Bərbad!

Görəsən, Medianın İnkişafı Agentliyi üzünü “Azərbaycan” Nəşriyyatı tərəfə də çevirəcəkmi? 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin