Misir Mərdanov həmin qərardan danışdı: "Mən buna razı deyildim"

Hazırda oxunan: Misir Mərdanov həmin qərardan danışdı: "Mən buna razı deyildim"

204318

Ölkədə təhsil müəssisələrində tədris ilinin müddətinin 36 həftəyə çatdırılması və dərslərin sentyabrın 1-dən başlayaraq iyunun 14-ə qədər davam etməsi ilə bağlı təklif irəli sürülür. Lakin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmana əsasən 15 sentyabr “Bilik günü” elan edilib və dərslər sentyabrın 15-dən başlanılır. Bu qərarlardan öncə isə dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də yekunlaşırdı.

Bəs, təhsilin keyfiyyəti, səmərəliliyi və şagirdlərin məktəbə adaptasiyası baxımından dərslərin sentyabrın 1-i ya 15-i başlaması daha effektiv olar?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı sabiq təhsil naziri Misir Mərdanov demokrat.az-a açıqlamasında bildirib ki, o, təhsil sistemində hər hansı bir ciddi dəyişiklik etməyə ehtiyacın olmadığını düşünür: 

Misir Mərdanov qeyd edib ki, tutaq ki, təzədən köhnə sistemi geriyə qaytardılar, orada bizim qazandığımız və itirdiyimiz nə olacaq? 

“Ənənəvi olaraq, tarixən Azərbaycanda və keçmiş Sovet məkanında məktəblərdə dərslər sentyabrın 1-də başlayır, mayın axırında da bitirdi. Cəmiyyət buna öyrənmişdi. Təhsil sistemi bu qaydaya alışmışdı. Çox təəssüf ki, mən nazir olduğum vaxt birdən-birə, tələsik belə bir dəyişiklik etmək qərarına gəldilər. Sentyabrın əvvəlinin isti keçməsini səbəb gətirərək, dərslərin sentyabrın 15-i başlamasını istədilər. Mən buna razı deyildim. 

Şəxsən mən və təhsil sisteminin bütün işçiləri çox pis vəziyyətdə qaldıq. Bir tərəfdən də vaxtımız yox idi. Dərs ilinin başlanmasına az vaxt qalırdı. Biz bütün təhsil sistemini nəzərdən keçirtməli idik. Çünki iş elə 15 günü dəyişmək ilə bitmir. Orada çox şey dəyişir. Tətil də dəyişir, müəllimlərin dərs yükü də və s. Onda mən bu məsələ müzakirə ediləndə qəti etiraz elədim. O zaman  bəzi yoldaşlar dedilər ki, Azərbaycanda bəyəm, təhsil var ki, onun da vaxtını dəyişmək çətin olsun? İndi onların bəziləri həyatdadır, bəziləri dünyasını dəyişib.
 

O sözü deyən adamların əksəriyyətinin nə özü, nə övladları, nə də nəvələri Azərbaycanda təhsil alıb. Heç Azərbaycan təhsilinin mahiyyətini bilmirdilər. Bu minvalla o zaman dərslərin başlanma tarixi dəyişdi. Bu boyda sistemdə ciddi bir dəyişiklik apardıq.


O adamlar təhsilin içində olmayan adamlar idi. Hətta mənə deyəndə ki, Azərbaycanda təhsil sistemi yoxdur, mən onlara dedim ki, gəlin indi mənim maşınıma oturaq, şəhərə çıxaq,onda biləcəyik, təhsil var ya yoxdu. Mən onları məcbur etdim, saat 12-1 arası şəhərə çıxartdım. İndiki 23 nömrəli məktəb, Nizami Kinoteatrının yaxınlığına çatanda yollar bağlandı. Həmin vaxt uşaqlar dərsdən çıxırdı, valideynləri övladlarını qarşılamağa gəlmişdi. Bu, təhsilin varlığının göstəricisidir. 

Bunun üstündən uzun müddət keçib. İndi yenidən bunu dəyişdirməyin nə mənası var? Camaat artıq təxmini 15-20 ildir ki,  buna alışıb. Ona görə də birmənalı bu dəqiqə fikir söyləyə bilmərəm ki, bu, yaxşı olar ya pis. Təhsil sistemi çox böyük bir sistemdir. Sanki böyük bir gəmidir ki, birdən-birə yolunu dəyişirsən. Belə olmaz"

Ulu öndər Heydər Əliyev həmişə deyərdi ki, biz milli ənənələrimizi və onların müsbət cəhətlərini qoruyub saxlamalı və inkişaf etdirməliyik.

Dünyanın hər hansı bir ölkəsinin təhsil sistemini hazır gətirib Azərbaycanda qurmaq olmaz. Əlbəttə, dünyada təhsil sisteminin nəticələri yüksək olan ölkələrin təcrübəsini öyrənmək və onları Azərbaycanda tətbiq etmək yaxşı olar. Amma Heydər Əliyev həmişə deyirdi ki, bunu da birdən-birə etmək olmaz.

Bizə həmişə tapşırırdı ki, hər hansı bir layihəni əvvəlcə pilot şəklində həyata keçirin. Hər hansı bir layihə həyata keçiriləndə əvvəlcə onun nəticələrini müzakirə eləmək, cəmiyyətin müzakirəsinə vermək, əgər müsbət nəticəsini görsək, tam həyata keçirmək lazımdır. Mənə elə gəlir ki, bu yol ilə getsək daha yaxşı olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin