Sosial şəbəkələrin “GÖZƏLLİK” MANİPULYASİYASI – “Elə təəssürat yaradırlar ki...”

Hazırda oxunan: Sosial şəbəkələrin “GÖZƏLLİK” MANİPULYASİYASI – “Elə təəssürat yaradırlar ki...”

Sosial şəbəkələrin GÖZƏLLİK MANİPULYASİYASI haqqında mühazirə. Psixoloji və maddi sıxıntılar, manipulyasiyanın insanlar üzərindəki ziyanları, sürü psixologiyası, ağrı, bədən sağlamlığı, tərz, ailədə gözəllik anlayışının formalaşması və uşaqların manipulyasiya altında olması haqqında məlumatlar.

204281

Sosial media insanlara formalaşdırdığı gözəllik standartları vasitəsi ilə təsir etməyə çalışır. Bu bir növ marketinq strategiyasıdır. Sosial mediada daim estetik görüntülər, məhsullar nümayiş olunur. Beləliklə, insanları gözəllik prosedurlarını etdirməyə, məhsulları almağa təşviq edirlər. 

“Elə bilirəm ki, hər şey xarici görünüşdən keçir”

Bir həftə öncə rino-plastika etdirən Jalə Kərimova (ad şərtidir) deyir ki, əməliyyatdan sonra digər estetik əməliyyatlar barədə də düşünməyə başlayıb. Onun fikrincə, gözəllik anlayışı asılılıq yaradır: 

“Əməliyyatdan sonra dodağıma da dolğu etdirmək istədim. İndi də fərqli gözəllik prosedurları barədə düşünürəm. Niyə etdirmək istədiyimi bilmirəm. Xarici görünüşümə çox önəm verirəm. Elə bilirəm ki, hər şey xarici görünüşdən keçir”.

O deyir ki, məhz xarici görünüşündə istədiyi dəyişiklikləri edə bilmək üçün lazım olan vəsaiti əldə etmək üçün işə daxil olub.

Marketinq tələsi

Psixologiya elmləri üzrə fəlsəfə doktoru Bahar Bəylərova Bizim.Media-ya bu marketinq tələsinin insanlara vurduğu ziyanlardan danışıb:

“Bu tələyə düşənlər həm psixoloji, həm də maddi sıxıntılar yaşayırlar. Sosial medianın insanlara aşıladığı gözəllik standartlarına uymaq üçün kifayət qədər pul xərcləmək lazımdır. İnsanlar buna görə geyim, kosmetik vasitələr alırlar, çəki atmaq üçün prosedurlar, plastik əməliyyatlar edirlər. Sanki öz bədənlərini görmürlər, sevmirlər, dinləmirlər. Gözəllik standartlarına uyğun yaşamağa başlayırlar. Tək istəkləri kənardan gözəl görünməkdir”. 

Sürü psixologiyası

Psixoloq deyir ki, bu insanları depresiyaya salır. Onun sözlərinə görə, insan biz bədənimizi olduğu kimi qəbul etməyəndə, bədənimiz bizə qarşı çıxmağa başlayır. Ağrı, müxtəlif xəstəliklərlə özünü göstərə bilir: 

“İnsanlarımız nə qədər ki, bədənlərinin fərqində deyillər, hər zaman sürü psixologiyasına tabe olaraq yaşayacaqlar. Nəticədə, bu məhsulları satanlar istədiklərinə nail olurlar. Bu çox ciddi fəlakətdir. 

Bu gün insanların xarici görünüşlərinin, tərzlərinin bir-birinə bənzədiyini görürük. Sanki hamı eyniləşib. Amma öz fərqində olan insan, bədənini anlayan, qəbul edən, səbəb-nəticə əlaqəsi ilə yaşayan insanlar həmin o tələyə düşmürlər və onlara təsir etmək çətin olur. Amma manipulyasiyaya tabe insanlar təəssüf  ki, bu tendensiyanın qurbanı olurlar”.

Ailənin təsiri

Bahar Bəylərova bildirir ki, bu cür manipulyasiyalara qarşı zəifliyin kökləri ailədən gəlir: 

“Gözəllik anlayışı, özünü qəbul etmə, olduğu kimi sevmədə problem yaşayan uşaqlar, yeniyetmələr həmin o sürü psixologiyasına qoşulurlar. Amma adətən olduğu kimi qəbul edilən, sevilən uşaqların gözəllik anlayışı xarici faktorlara söykənmir. Uşaqları sevəndə də istifadə etdiyimiz bənzətmələrin fərqində olmalıyıq. “Gözəl qızım”, “yaraşıqlı oğlum” kimi bənzətmələr uşaqlarda elə təəssürat yaradır ki, sanki ancaq gözəl olsalar, seviləcəklər”. 

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin