Sertifikasiya TƏCRÜBƏSİ – Müəllimlərin imtahana cəlb olunması nələri DƏYİŞDİ?

Hazırda oxunan: Sertifikasiya TƏCRÜBƏSİ – Müəllimlərin imtahana cəlb olunması nələri DƏYİŞDİ?

Sertifikasiya TƏCRÜBƏSİ - Azərbaycanda müəllimlərin sertifikasiya prosesi nələri dəyişdi? İlqar Orucov sertifikasiyanın vacibliyini və mədəniyyəti dəyişməklə bağlı öz fikirlərini paylaşır.

204269

Azərbaycanda artıq iki ildir ki, müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. Təhsilverənlərin sertifikatlaşdırılması ilk dəfə 2022-ci ildə təşkil edilib. Prosesə başlanılandan bu günə qədər mediada tez-tez müəllimlərin sertifikasiyadan şikayətləndiklərini görürük. Sertifikatlaşdırmaya etiraz edənlər olduğu kimi, dəstəkləyənlər də var.

Sertifikasiyanın vacibliyi

Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizim.Media-ya açıqlamasında sertifikatlaşdırmanın müsbət və mənfi cəhətlərindən danışıb:

“Biz mütləq şəkildə məktəblərdə keyfiyyət faktorunu təmin etməliyik. Buna gedən yolda ən vacib elementlər savadlı, bacarıqlı, bilikli, peşəkar müəllimlər formalaşdırmaqdır. Mahiyyətində keyfiyyətli müəllimlərin əməyini stimullaşdırmaq və təsadüfi insanların məktəblərdən uzaqlaşdırılması dayanırsa, əlbəttə ki, sertifikasiya prosesi dəstəklənməlidir”.

Sertifikasiya prosesindəki boşluqlar

Ekspertin sözlərinə görə, sertifikatlaşdırmaya başlanılması təqdirəlayiq olsa da, prosesdə boşluqlar da var:

“Sertifikatlaşdırılmanı nə qədər dəstəkləsəm də, hər şeyin ideal olduğunu deyə bilmərəm. Sertifikasiya prosesində səhvlər ola bilər. Sualların tərkikbində, eyni zamanda prosesin cəmiyyətə ötürülməsində boşluqlar var. Elm və Təhsil Nazirliyi prosesi daim təkmilləşdirməlidir”.

Sertifikasiyanın hədəfləri

İlqar Orucov deyir ki, sertifikasiya müəllimləri qorxutmaq məqsədi daşımır:

“Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi tədbirlər, müəllim adına və nüfuzuna gələcəkdə sözün yaxşı mənasında təsir göstərəcək. Sertifikasiyanın təhsil sisteminə təsirlərindən gözləntilərim çoxdur. Çünki müəllimlər daim öz üzərlərində işləyəcəklər. 

Sertifikasiya müəllimi qorxutmaq, sıxmaq məqsədi ilə aparılmır, sertifikasiya müəllimin daim üzərində çalışmasına, təhsilin keyfiyyətinin artırılmasına hədəflənir. Sertifikasiya eyni zamanda, müəllimlərin əməkhaqqısında differensial yanaşmanın tətbiqinə gətirib çıxarır. Yaxşı müəllimə yaxşı əmək haqqı verilməsi əsas hədəfdir. Düşünürəm ki, bunu cəmiyyət və valideynlər dəstəkləməlidirlər”.

Müəllimlərin maaşında artım

Qeyd edək ki, sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllüdür. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.

Nuray, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin