Hazırda övladlığa uşaq götürmək istəyən kifayət qədər vətəndaş var və onların arasında subay şəxslər də mövcuddur. Yəni bəzi qadınlar və yaxud kişilər nikaha girmədən övlad sahibi olmaq istəyirlər. Onların arasında bioloji cəhətdən övlad sahibi ola bilməyənlər də az deyil.
Bəs evli olmayan şəxslər övladlığa uşaq götürə bilərlərmi?
Hüquqşünas Aysel Qəribova Bizim.Media-ya açıqlamasında bildirib ki, istənilən subay şəxs övladlığa uşaq götürə bilər:
MÖVZU İLƏ BAĞLI:
Bu il övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib
“Övladlığa götürən şəxs nikahda deyilsə, Ailə Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır. İstənilən subay şəxs övladlığa uşaq götürə bilər, amma, hamilə qadın övladı dünyaya gətirmədən onu övladlığa verə bilməz. Eyni zamanda, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.
Qanunvericiliyə görə övladlığagötürmə prosesi hansı mərhələlərdən ibarətdir?
- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
- övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
- övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu hansı qaydada müəyyən edilir?
- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
- övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
Övladlığa uşaq götürmək üçün minimum yaş həddi nə qədərdir?
Nikahda olan şəxslər üçün 25 yaş, nikahda olmayanlar üçün isə 30 yaş hesab olunur. (Ögey ata (ögey ana), habelə qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla). Amma üzrlü hesab edilən hallarda bu yaş həddi məhkəmə tərəfindən artırılıb azaldıla bilər.
Hansı şəxslər övladlığa uşaq götürə bilməz?
- Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər; Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
- Məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
- Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
- Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
- Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər (cinayət təqibi müddətində);
- Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
- Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər.
Çiçək Sadatova, Bizim.Media