Müharibə qazilərinə əlilliyin təyinatı ilə bağlı müxtəlif narazılıqlar səslənməkdədir.
“Optimal yol hərbi səbəblərlə ağır fəsadlar almış, lakin əlillyə səbəb olmayan hallarda veteran və qazilərimizə verilən müavinətin miqdarının artırılmasıdır. Vətənimizin bütövlüyü uğrunda döyüşmüş, sağlamlığını itirmiş, əlilliyə səbəb olmasa da fəsadlar almış veteran və qazilərimiz bu baxımdan fərqləndirilməlidir. Onlar kifayət qədər sosial qayğı ilə əhatə olunmalıdır”.
Bizim Media-nın xəbər verir ki, bunu “Konstitutsiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev sosial şəbəkə hesabında bildirib.
O, əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş şəxslərin müddətli əlilliklərinin uzadılması üçün əyani müayinə əsasında qiymətləndirilməsində iştirak etdiyini bildirib:
“Əyani müayinə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya tərəfindən keçirilir.
Araşdırmalar göstərir ki, bir sıra hallarda xəstəlik diaqnozları və sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir. ƏƏSMN bu halların araşdırılması, qanun pozuntularının qarşısının alınması, şəffaflıq və obyektivlik təmin edilməsi üçün əlaqədar dövlət orqanları, vətəndaş cəmiyyətini də cəlb etməklə zəruri tədbirlər həyata keçirir. Müşahidələrimə görə, ƏƏSMN bütün maraqlı tərəflərin iştirak etdiyi, korrupsiya hallarını, subyektiv təsirləri neytrallaşdırmağa imkan verən mexanizm tətbiq edir”.
Əliməmməd Nuriyev ictimayyət nümayəndələrini prosesə obyektiv, rasional yanaşmağa çağırır:
“Bir şəxsin belə haqqı çatan sosial müdafiə tədbirindən kənarda qalmasına göz yuma bilmərik. Bu proses səbr, təmkinlə aparılmalıdır, obyektiv, şəffaf olmalıdır. Burada söhbər həm fərdlərin, həm də dövlətin maraqlarından gedir”.
Xatirə Nəsirova, Bizim.Media