I və IV qrupların qəbul imtahanının nəticəsi ELAN OLUNDU

Hazırda oxunan: I və IV qrupların qəbul imtahanının nəticəsi ELAN OLUNDU

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanının nəticəsi haqqında məlumatlar. Abituriyentlər apellyasiya ərizələri ilə bağlı müraciətlərini necə edə bilərlər və proses hansı sıralardan keçirilir? DİM-də ixtisas seçimi vaxtı haqqında da bəzi məlumatlar verilmişdir.

203748

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan nəticəsi ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyul saat 10:00-dan 31 iyul saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər: “Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq”.

Qeyd edilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin