Əvvəllər uşaqlar evə gəlmək istəmirdilər, indi evdən çıxmaq İSTƏMİRLƏR...

Hazırda oxunan: Əvvəllər uşaqlar evə gəlmək istəmirdilər, indi evdən çıxmaq İSTƏMİRLƏR...

Uşaqların asosial olması mövzusunda psixoloqun dəyərləndirmələri və valideyn münasibətlərinin önəmi haqqında məlumat.

203400

Əvvəllər axşam saatlarına qədər küçədən evə yığışmayan, müxtəlif oyunlar oynayaraq birgə vaxt keçirən uşaqlara indi çox da rast gəlinmir. Məhəllələrdə az-az futbol, voleybol oynayan uşaqlar gözə dəysə də, bir çoxu vaxtını əsasən kompüter, telefonda oyun oynamaqla keçirir. Bu da onların özünə qapanmasına, ünsiyyət qurmamasına, dost qazana bilməməsinə gətirib çıxarır.

Ümumiyyətlə, asosial olmaq hansı problemlərə yol açır və bununla necə mübarizə aparmaq olar?
 

MÖVZU İLƏ BAĞLI:

İnsanlar yaşlandıqca aqressivləşir, yoxsa “yeddisində nədirsə, yetmişində də odur”?


Mövzu barədə Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, uşaqların asosial olması birbaşa valideynin diqqət, qayğı, sevgisindən və onu əhatə edən mühitdən asılıdır:

“Əgər valideyn uşaqla ünsiyyətə girmirsə, uşaq bir tərəfli ünsiyyətə daha çox meyilli olur. Birtərəfli ünsiyyət də telefon, televizor, planşetlərdir. Bu da uşaqları 30 faiz digər uşaqlardan geri qoyur. Biz valideyn olaraq uşağımızı ana bətnindən sözlü danışdıra-danışdıra dünyaya gətirməliyik. Xaricdə analar ana öz bətnində olan övladı ilə danışır.

Amma bizdə bu belə deyil. Elm sübut edib ki, uşaq ana bətnindən belə ananı dinləməyə qadirdir. Körpə doğulur, gözü tam 3 ayında görür, amma anasını kölgə kimi seçir, qoxusunu duyur, tanıyır. O zamandan ana övladına sevgi verməyə başlamalıdır ki, uşağı gələcəkdə asosial olmasın”.

O son dönəmlərdə qohumluq əlaqələrinin də zəiflədiyini vurğulayıb:

“İnsanların münasibəti soyuqlaşıb. Cinayət hadisələrində övladın valideyni qətlə yetirməsini görürük. Bunların hamısı zamanında ananın, atanın övladına verə bilmədiyi sevgi, diqqətin əksikliyidir. İstisna hallar var, amma çox deyil.

İndi uşaq cizgi filminə o qədər çox baxır ki, ordakı qəhrəmanları öz valideyni bilir. Azyaşlı pasiyentimdən atasının kimliyini soruşanda mənə cizgi film qəhrəmanının adını demişdi. Uşaq ona o qədər baxıb ki, təxəyyülündə öz atası kimi canlandırıb. Sonradan aydın oldu ki, uşağın atası yox imiş, o onu kişi obrazı kimi görüb və atası kimi hiss edib. Bu hallar da gələcəkdə uşaqlara problem yaradır”.

O hesab edir ki, məktəblərdəki tədris metodu da uşaqların nitqinin inkişafına daha çox yer vermir:

“Təlim metodunda da şagirdlərə aşağı siniflərdə danışmağa daha çox yer verirlər, yuxarı siniflərdə artıq hazır suallar, testlər olduğu üçün uşaq az danışır. Ünsiyyət vasitəsi nitqdir. İnsanlar da əgər nitqdən istifadə etmirlərsə, asosial olurlar. Asosial insan da iş tapmaqda çətinlik çəkir. Elə sahələr var ki, məhz danışmaq, ünsiyyət üzərində qurulub. Ona görə də asosial olmaq bir insanı danışmadığı üçün hətta gerizəkalı göstərə bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin