Qida Agentliyinin “çiyələk” cavabı: “Məhsul alanda yaxşıca yuyun”

Hazırda oxunan: Qida Agentliyinin “çiyələk” cavabı: “Məhsul alanda yaxşıca yuyun”

20329

Çiyələklərin vaxtsız bazara çıxarılması zəhərlənmələrə səbəb olur. Xatırladaq ki, “Bizim media” bir neçə gün öncə problemi qabardıb. Qeyd olunub ki, zəhərlənmələrə səbəb onların tez yetişdirilməsi üçün nitro pereparatlarından istifadə olunmasıdır. Həmin pereparatlar isə daha çox böyük və qırmızı rəngdə olan giləmeyvələrdə toplanır. Ona görə də istehlakçılara daha kiçik çiyələklərə üstünlük verməsi tövsiyyə olunub.

Yazıda həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bazarda satılan məhsullara, o cümlədən də çiyələk satışına nəzarət etmədiyi qeyd olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və innovativ həllər şöbəsindən “Bizim Media”-nın yazısına reaksiya gəlib. 

Cavabda bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti aparılır: 

“Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda məhsulun yerli bazarda sərbəst ticarət dövriyyəsinə icazə verilir”.

Cavabda həmçinin qeyd olunur ki, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. 

Konkret olaraq, bazarda satılan çiyələklərlə bağlı nəzarətin həyata keçirilib-keçirilməməsi ilə bağlı sualdan yayınan Agentlik  məsuliyyəti istehlakçıların üzərinə atıb: 

“Çiyələk alarkən istehlakçıların diqqət etməli olduqları məqamlar var. Çiyələk torpaqda yetişdiyi üçün istehlak etməzdən öncə mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir. Çiyələk nə qədər parlaq olsa, bu  onun tərkibində bir o qədər bol və faydalı zülalların mövcudluğundan xəbər verir. Asanlıqla xarab ola biləcək yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi 1 həftə müddətinə soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür”.

Göndərilən cavabda suala konkret olaraq cavab verilməməsi dövlət qurumunun bazarda satılan məhsullara nəzarət etmədiyini bir daha ortaya qoyur. Bu isə ölkədə qida təhlükəsizliyi məsələsinin təmin olunmamasının göstəricisidir. 

Xatirə Nəsirli, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin